2025-ci ilin sonunda Malidə girov götürülən şəxsin azad edilməsi üçün ödənildiyi bildirilən təxminən 50 milyon dollar “Əl-Qaidə” ilə əlaqəli silahlı qrupların fəaliyyətinin maliyyələşdirilməsinə yönəlib.
1xeber.media “Meydan Bizim” ə istinadən xəbər verir ki, bu barədə BMT ekspertlərinin yeni hesabatında məlumat verilib.
Hesabata əsasən, vəsaitin böyük hissəsi Sahel bölgəsində fəaliyyət göstərən “Camaat Nüsrət əl-İslam vəl-Müslimin” koalisiyasının dəstələri arasında bölüşdürülüb. Pulun Malidə silahlı əməliyyatların genişləndirilməsində mühüm rol oynadığı qeyd olunur.
BMT sənədində girovun və ödənişi edən tərəfin adı açıqlanmayıb. Reuters agentliyinin üç regional mənbəsi vəsaitin BƏƏ tərəfindən ödənildiyini bildirib. Lakin Əbu-Dabi bu məlumatı təsdiqləməyib.
Hesabatda pulun bir hissəsinin Şimali Afrikadakı “İslam Məğribində Əl-Qaidə” qoluna, oradan isə təşkilatın mərkəzi rəhbərliyinə və Yəməndəki qoluna ötürüldüyü bildirilir.
JNIM-in Sahel bölgəsində 7–8 min silahlısının olduğu, onların təxminən yarısının Malidə fəaliyyət göstərdiyi qeyd edilir.