Вернуться назад Распечатать

Marketlərdə bu işçilər işsiz qalacaq - Açıqlama

Pərakəndə ticarətdə texnoloji yeniliklərin tətbiqi son dövrlərdə daha da genişlənib. Xüsusilə özünəxidmət kassalarının marketlərdə istifadəsinin artması həm alış-veriş prosesinin daha operativ həyata keçirilməsinə, həm də mağazaların əməliyyat xərclərinin optimallaşdırılmasına imkan verir. Bununla yanaşı, bu yeniliklərin kassir və satıcı kimi peşələrə təsiri ilə bağlı suallar da artır.

Məsələ ilə bağlı 1xeber.media-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, marketlərdə kassir və satıcı çatışmazlığı ilə bağlı elanlara tez-tez rast gəlinməsi sektorda işçi qüvvəsinə ehtiyac olduğunu göstərir.

Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri həmin sahələrdə əməkhaqqının işçilər üçün kifayət qədər cəlbedici olmamasıdır:

“Bu baxımdan özünəxidmət kassalarının tətbiqi marketlərdə yaranan kadr probleminin müəyyən hissəsini kompensasiya edə bilər. Belə sistemlərin sayının artması ənənəvi kassalarda çalışan işçilərin sayına müəyyən qədər təsir göstərəcək.  Lakin texnologiyanın tətbiqini yalnız iş yerlərinin itirilməsi kimi qiymətləndirmək doğru deyil. Özünəxidmət kassalarının normal fəaliyyət göstərməsi üçün onların işinə nəzarət edən və texniki prosesləri idarə edən əməkdaşlara ehtiyac yaranır. Bu isə öz növbəsində yeni iş imkanlarının formalaşmasına səbəb olur”.

N.Cəfərli əlavə edib ki, yeni sistemlərin tətbiqi ilə texniki və rəqəmsal sahələrdə də əmək tələbatı yarana bilər:

“Avadanlıqların quraşdırılması, texniki baxışı, nasazlıqların aradan qaldırılması və proqram təminatının işlək vəziyyətdə saxlanılması üçün mütəxəssislər tələb olunur. Buna görə də özünəxidmət kassalarının yayılmasını əmək bazarı üçün yalnız mənfi proses kimi dəyərləndirmək düzgün deyil. Burada əsas məsələ mövcud peşələrin tədricən dəyişməsi və yeni iş istiqamətlərinin meydana çıxmasıdır”, – deyə ekspert vurğulayıb.

Aysel