Baybay Kazımın kəraməti, Davidin trollarının gülünc aqibəti...
Azərbaycanda, İsraildə, ümumiyyətlə Yer adlı planetdə David Seliverstov adlı adam yoxdu. Mövcud deyil. Özünü bu adla təqdim edən Kazım Elşən oğlu Abbasov adlı residivist (dələduz) var.
Baxıram, bəzi tanıdığım həmkarlarım onu müdafiəyə qalxıb, bizi yalanlayırlar.
Özünüzü yandırmayın. Həddi aşmayın. Mənim bostanıma (xəbər məkanıma) daş atmayın.
Bəlkə bilmirsiz — yazım, bilin. Bu adam David deyil! Usta yalançıdı, dələduzdu, şantajçıdı. Ölkədən qaçıb və törətdiyi əməllərə görə Azərbaycana qayıda bilmir. Kənardan bir şeylər yazır, “ifşaya filan qədər qaldı”, deyə blef atır, primitiv videoroliklərlə düşdüyü durumu öz tərəfdarlarının gözündə əsaslandırmağa, özünü əzabkeş obrazına salmağa çalışır.İfşa şantajına gəldikdə isə…
Deputatı deyir. Onu hədələyir. Anatoliy Rafailovu. Tələb edir ki, Anatoliy müəllim ona dəstək versin. O isə telefonlarını qapadıb, bu dələduza cavab vermir. Gec qalıb, amma yenə də ən doğru addımı atır. Kazım Abbasov hətta Anatoliy müəllimin oğlunu arayıb (səhv etmirəmsə, hazırda Amerikadadır), ondan tələb edib ki, Anatoliy Rafailov onu müdafiə etsin. Əks halda, ortaq əməllərini açacaq, onu ifşa edəcək, yazışmaları və səs yazılarını ortaya tökəcək.
Açıq təhdiddi.
Hardanmı bilirəm? Ən mötəbər qaynaqdan!!
Anatoliy müəllimin yaxınları mənə zəng edərək deyirlər ki, deputatın xəbəri olmayıb bu adamın yalanlarından, əməllərindən, onun David Seliverstov yox, Elşən Kazımov olmasından. Xahiş də budur ki, media deputatı bu məsələdən uzaq tutsun: “73 yaşlı, xəstə adamdır, ürəyində ciddi problemlər var, onun heç bir günahı yoxdur, hamını aldadıb, hamıya kələk gəlib. Dələduzluqla əldə etdiyi pulların 90 minini filan xanım ödəyib, çalışırlar ki, şikayətçilərin ağızlarını yumsunlar…”
Belə!
Mənim də qarşılığında yalnız bir tələbim var: Anatoliy müəllim rəsmi açıqlama versin, bunları yazılı ifadə etsin.
Bir həftə gözlədim, söz verilən müddət keçdi. Demək ki, deputat belə bir açıqlama verə bilmir. Qorxur. Şantajdan və məncə, ifşadan! Gerçəyin ortaya çıxacağından!
David Seliverstov barədə çox şeyləri bilirəm. Hazırda yanında hansı sevgilisinin olmasından, hansı məşhur ailənin qızı ilə vətəndaş nikahında yaşamasından, hansı media quruluşlarına dəstək verib, ölkənin gündəmini qarışdırmasından; indi isə o platformalar əsasında özünü müdafiə üçün cəhdlər etməsinə qədər…
Hamısı yazılacaq, hamısı deyiləcək.
Ölkədən qaçan və özünü İsraildə göstərən residivist Kazım Abbasovsa yaxın zamanda qandallı halda hazırda olduğu ölkədən Bakıya gətiriləcək. Onunla maddi, mənəvi, mətbu və hər hansı bağlılığı olan, onun dələduzluq yuvasında — ofisində barınan hər kəs də istintaqa cəlb ediləcək.
Adamın fırıldaq səviyyəsinə və istedadına isə bir daha heyran qalmaya bilmirsən. Bütün ölkəyə, siyasi-ictimai elitaya, hətta yəhudi icmalarına fırıldaq gələn, onları öz dələduzluq maşınında alətə çevirən milli Ostap Bender(əddin)dir! Neçə-neçə qadını toruna salıb, özünə aşiq etdirib, trol kimi işlədən kombinator!
Amma hər şeyin bir sonu vardır!
Sənin də sonun gəldi, Ka-zım!
Getdin, baybaya…