Вернуться назад Распечатать

Panettadan NATO-ya sərt xəbərdarlıq: “Rusiya sınağa çəkəcək”

1xeber.media xəbər verir ki, ABŞ-ın keçmiş müdafiə naziri və Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Leon Panetta NATO-ya Rusiya ilə bağlı sərt xəbərdarlıq edib.

Panetta Almaniyanın Bild qəzetinə müsahibəsində Rusiyanın Avropa üçün artan təhlükə yaratdığını bildirib. O, NATO-nu daha ayıq-sayıq olmağa və Rusiya üçün aydın “qırmızı xətlər” müəyyənləşdirməyə çağırıb.

“Rusiya alyansın müdafiə qabiliyyətini sınaqdan keçirməyə davam edəcək”, – deyə Panetta bildirib.

Onun sözlərinə görə, Moskva NATO üzvlərinin kollektiv müdafiə öhdəliyinə nə dərəcədə sadiq qalacağını yoxlamağa çalışa bilər.

Panetta həmçinin NATO Nizamnaməsinin 5-ci maddəsinin əhəmiyyətini vurğulayıb. Həmin maddəyə əsasən, alyans üzvlərindən birinə qarşı silahlı hücum bütün NATO-ya qarşı hücum hesab olunur.

Keçmiş Pentaqon rəhbəri ABŞ-ın Ukraynaya hərbi dəstəyini də tənqid edib. O, xüsusilə hava hücumundan müdafiə sistemləri sahəsində Kiyevə daha çox yardım göstərilməli olduğunu deyib.