Son günlər ölkədə meyvə məhsuldarlığı ilə bağlı səslənən fərqli fikirlər ictimai müzakirələri artırıb. Bir qrup mütəxəssis bu il iqlim dəyişiklikləri, qeyri-sabit hava şəraiti və mövsümi təsirlər səbəbindən meyvə qıtlığının yarana biləcəyini bildirir. Bu il meyvə qıtlığı ilə bağlı səslənən narahatlıqlar nə dərəcədə əsaslıdır və hava şəraiti, məhsuldarlıq göstəriciləri, eləcə də bazar dinamikası qiymətlərə necə təsir göstərə bilər?
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli 1xeber.media-ya açıqlamasında bildirib ki, hava şəraiti kənd təsərrüfatında məhsuldarlığa istər-istəməz ciddi təsir göstərir:
“Amma bizdə məhsuldarlığın səviyyəsi onsuz da kifayət qədər aşağı olduğuna görə, hava şəraitindəki hər hansı pisləşmə daha ağır nəticələrə səbəb olur. Əgər normal şəraitdə 10 kilo məhsul əldə edilirdisə, əlverişsiz hava şəraiti nəticəsində bu göstərici 9 və ya 8 kiloya düşə bilər. Məhsuldarlığı yüksək olan ölkələrdə bu cür azalma bazara ciddi təsir göstərməyə bilər. Çünki ümumi istehsal daxili tələbatı qarşılamaq üçün kifayət edir. Bizdə isə vəziyyət fərqlidir. Məsələn, ölkədə bolluq yaranması üçün 20 kilo məhsula ehtiyac varsa, faktiki olaraq cəmi 8 kilo istehsal olunur.”
O deyib ki, hava şəraiti səbəbindən bu rəqəm bir qədər də azalanda bazarda çatışmazlıq yaranır və nəticədə qiymətlər sürətlə yüksəlir:
“Əsas problem də məhz bundan ibarətdir. Digər məsələ isə hökumətin təşviqi ilə ixracyönümlü siyasətin gücləndirilməsidir. Bu istiqamətdə meyvə-tərəvəz məhsullarının xarici bazarlara çıxarılması artır. Məhsulların böyük hissəsi ixrac olunduqda isə yerli bazarda təklif azalır. Təklifin azalması fonunda daxili bazarda çatışmazlıq yaranır və qiymətlər yüksəlməyə başlayır”.
Aysel Timur