1xeber.media xəbər verir ki, Rusiyada Odessa və İzmayıl limanlarına endirilən zərbələrin səbəbi açıqlanıb. Hərbi müxbir Aleksandr Kots bu limanların hazırda Ukrayna Silahlı Qüvvələrinin arxa təminat mərkəzinə çevrildiyini iddia edib.
Kots Telegram kanalında yazıb ki, Dunay limanları artıq yalnız taxıl daşınması ilə bağlı fəaliyyət göstərmir.
“Odessa və İzmayıl ardıcıl olaraq arxa təminat mərkəzinə çevrilib”, – deyə hərbi müxbir bildirib.
Onun sözlərinə görə, limanlarda dəniz dronlarının saxlanıldığı anbarlar, yanacaq infrastrukturu və hərbi texnikanın boşaldıldığı ərazilər yerləşir. Bu obyektlərin Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus katerlər tərəfindən mühafizə edildiyi də iddia olunur.
Kots hesab edir ki, məhz bu səbəbdən limanlardakı bəzi obyektlər hərbi məqsədli hədəflər kateqoriyasına daxil edilir.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl Odessa limanında “Tarantul” tipli patrul katerinin və Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus dəniz dronları anbarının məhv edildiyini açıqlayıb.
Həmçinin İzmayıl limanında hərbi təyinatlı yüklərin boşaldıldığı terminalın və Qərb istehsalı hərbi texnikanın saxlanıldığı anbarların vurulduğu bildirilib.