Вернуться назад Распечатать

Türkiyədə daşınmaz əmlakın Fəlakət Sığortası sistemi ilə əhatə olunması 58 faizə yüksəlib

Türkiyədə daşınmaz əmlakın Fəlakət Sığortası sistemi ilə əhatə olunması 1999-cu ildəki 5 faizdən 58 faizə yüksəlib.

1xeber.media xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər Nazirliyinin Fəlakətlərin İdarə Edilməsi İdarəsinin (AFAD) rəhbəri Ali Hamza Pehlivan 1999-cu ildə episentri Kocaeli vilayətinin Gölcük rayonunda yerləşən dağıdıcı zəlzələnin 27-ci ildönümünə həsr olunmuş televiziya proqramında bildirib.

O xatırladıb ki, 7,4 maqnitudalı yeraltı təkanlar 45 saniyə davam edib, 17 min 480 nəfərin həyatına son qoyub, daha 43 min 953 sakin yaralanıb.

AFAD-ın rəhbəri qeyd edib ki, 1999-cu il avqustun 17-də Kocaelidə zəlzələ baş verən zaman ölkədə təxminən 2 min sertifikatlı xilasedici var idisə, bu gün artıq 5 min mütəxəssis və 600 min könüllüdən söhbət gedir. Onlar polis və jandarm əməkdaşları ilə birlikdə 175 min nəfərin iştirakı ilə axtarış-xilasetmə əməliyyatlarını qısa müddətdə təşkil edə bilirlər.

Ali Hamza Pehlivan təbii fəlakət risklərinin idarəolunmasında könüllülük sisteminin əhəmiyyətini xüsusi vurğulayıb.

Onun sözlərinə görə, ölkə üzrə AFAD-ın 286 min könüllüsü onlayn kurslar formatında təlim keçib ki, bu da ehtimal olunan fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı mühüm dəstəkdir.