Вернуться назад Распечатать

Rusiyada taksi və yük maşını sürücülərinə yeni iş rejimi

1xeber.media xəbər verir ki, Rusiyanın Nəqliyyat Nazirliyi sürücülər üçün xüsusi iş və istirahət rejimini müəyyən edən yeni qaydaları təsdiqləyib.

Yeni tələblərə əsasən, yük maşını, taksi, ictimai nəqliyyat və digər nəqliyyat vasitələrinin sürücüləri üçün həftəlik iş vaxtı 40 saat, növbənin müddəti isə əsasən 10 saat müəyyən ediləcək.

Bu müddətlərin artırılmasına yalnız həmkarlar ittifaqı və sürücünün razılığı ilə icazə veriləcək.

Obyektiv səbəblərdən müəyyən edilmiş iş qrafikinə riayət etmək mümkün olmadıqda isə işəgötürən iş vaxtını ay və ya rüb üzrə ümumiləşdirə biləcək. Belə halda bir gün daha uzun, digər gün isə daha qısa iş rejimi tətbiq edilə bilər.

Yeni qaydalara görə, 10 saatlıq növbə 12 saata qədər uzadıla bilər. Lakin bu halda sürücüyə məcburi istirahət vaxtı verilməlidir. Şəhərətrafı sərnişin avtobusu sürücüləri ümumilikdə ən azı 3 saat, digər sürücülər isə ən azı 5 saat istirahət etməlidirlər.

Taksi sürücüləri, tibb müəssisələrinin, qəza və kommunal xidmətlərin əməkdaşları, inkassatorlar və media işçiləri üçün 12 saatlıq iş növbəsinə icazə veriləcək.

Bununla yanaşı, beynəlxalq yükdaşıma ilə məşğul olan sürücülərə, həmçinin FHN, DİN, təcili tibbi yardım, dövlət orqanları və hərbi qulluqçulara yeni tələblər şamil edilməyəcək.