“Elektron heyvan birjasının tətbiqi ilə bağlı proses hələ başlamayıb və ilk növbədə bunun normativ tənzimlənməsi, hüquqi aktları və qanunvericilik bazası müəyyənləşdirilməlidir”.
Bunu iqtisadçı Xalid Kərimli 1xeber.media-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda elektron birjanın komissiyasının, heyvanların identifikasiyası və digər prosedurların fermerə hansı xərcləri yaradacağı məlum deyil:
“Bilmirik ki, hökumət fermerin üzərinə hansı xərcləri qoyacaq. Bəlkə də bir çox xidmətlər pulsuz həyata keçiriləcək. Onsuz da heyvandarlığa və kənd təsərrüfatına ciddi subsidiyalar və dotasiyalar verilir. Bu səbəbdən xərclərin nə qədər olacağını bilmədən indidən bu məsələyə qiymət vermək düzgün deyil”, – deyə o əlavə edib.
Ekspert ənənəvi heyvan bazarlarının bağlanacağı ilə bağlı fikirlərin də əsassız olduğunu vurğulayıb:
“Elektron birjanın yaradılması o demək deyil ki, ənənəvi bazarlar bağlanacaq və ya ənənəvi satış üsulu aradan qalxacaq. Fermer istəsə, başqa üsulla da satışını həyata keçirə bilər. Elektron birja isə fermerə vasitəçiləri aradan çıxarmaq baxımından üstünlük verə bilər”.
O qeyd edib ki, bazarlarda heyvan satanların hamısı son fermerlər deyil, onların arasında vasitəçilər də var:
“Vasitəçilər heyvanı yerində fermerdən alıb, daha sonra bazarda satırlar. Bu həlqənin aradan qalxması ətin qiymətinin formalaşmasına da təsir göstərə bilər”.
Ekspertin sözlərinə görə, elektron birjanın tətbiqi ilə bağlı əlavə xərclərin yaranması ehtimalı qiymətlərə də təsir göstərə bilər. Lakin hazırda bu xərclərin məbləği və kimin tərəfindən qarşılanacağı məlum olmadığı üçün qiymət artımı ilə bağlı konkret fikir söyləmək tezdir.
“Əgər xərc artımı olacaqsa, bunun qiymətə təsir etməsi mümkündür. Amma hazırda nə komissiyanı, nə prosesin xərc tutumunu, nə də bu xərcləri dövlətin, yoxsa fermerin qarşılayacağını bilirik”, – deyə ekspert bildirib.
O əlavə edib ki, elektron satışın ənənəvi satışla paralel fəaliyyət göstərməsi mümkündür: “Bu gün onlayn satış var, amma mağazalar, yarmarkalar və ticarət mərkəzləri də fəaliyyət göstərir. Kim istəyir onlayn alır, kim istəyir mağazadan alış-veriş edir. Eyni yanaşma burada da tətbiq oluna bilər”.
Ekspert hesab edir ki, elektron birja fermerin xərclərini artırmaqla yanaşı, müəyyən hallarda onları azaltmaq imkanı da yarada bilər.
O, heyvanların identifikasiyası, peyvənd məlumatlarının və mənşəyinin müəyyənləşdirilməsinin isə alıcıların təhlükəsizliyi və bazarın şəffaflığı baxımından vacib olduğunu vurğulayıb.
Aysel