1xeber.media xəbər verir ki, Çin ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya ilə birgə hərbi təlimlərin miqyasının azaldılması qərarını dəstəkləyib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan bildirib ki, Pekin Koreya yarımadasında sabitliyə töhfə verən qərarları dəstəkləyir.
“Çin bununla bağlı məlumatları nəzərə alıb. Koreya yarımadasında sülh və sabitliyin qorunması, həmçinin problemin siyasi yolla həllinə yardım göstərilməsi bütün tərəflərin ümumi maraqlarına cavab verir”, – diplomat deyib.
Daha əvvəl Donald Tramp Pentaqon rəhbəri Pit Heqsetə ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin miqyasını azaltmağı tapşırıb. ABŞ lideri bu təlimlərin KXDR-ə “tamamilə yersiz düşmənçilik siqnalı” verdiyini bildirib.
Tramp həmçinin Şimali Koreya lideri Kim Çen Inla münasibətlərinin “çox yaxşı” olduğunu vurğulayıb.
Cənubi Koreya isə ABŞ prezidentinin qərarının onun üçün gözlənilməz olduğunu bildirib və məsələni araşdırdığını açıqlayıb.
Qeyd edək ki, ABŞ və Cənubi Koreyanın “Ulchi Freedom Shield” adlı birgə hərbi təlimləri avqustun 17-də başlayıb və 11 gün davam edəcək.