Azərbaycanda heyvan bazarlarının təşkili ilə bağlı yeni model tətbiq olunacaq. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, ölkədə heyvan bazarları fiziki formada deyil, birja prinsipi əsasında təşkil ediləcək. O, bu barədə “Trend” İnformasiya Agentliyinə və “Xəzər” TV-yə birgə müsahibəsində danışıb.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu 1xeber.media-ya danışarkən deyib ki, qida təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsidir:
“Qida təhlükəsizliyi hər bir xalqın milli təhlükəsizliyinin tərkib hissəsidir. Ona görə də uzun illərdir Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı müxtəlif tədbirlər görülür. Əgər bir ölkə özünü qida ilə təmin edə bilmirsə və milli gəlirini qida idxalına sərf edirsə, bu ölkə güclü hesab olunmur. Ona görə də həm regionların sosial-iqtisadi inkişafı proqramları, həm də qida təhlükəsizliyi ilə bağlı qəbul edilmiş proqramlar məhz buna yönəlib. Ancaq məsələ ondadır ki, bu mexanizm düzgün qurulmasa, bəzi hallarda təhlükəsizlik tədbirlərinin özü qida təhlükəsizliyini təhdid edən vasitəyə çevrilə bilər. Dövlət Statistika Komitəsinin son rəqəmlərinə baxdıqda görürük ki, Azərbaycanda həm iribuynuzlu mal-qaranın, həm də xırdabuynuzlu heyvanların sayı azalıb. Bu, çox ciddi azalmadır. Təəssüf ki, artıq son 3-4 ilin statistikasında mənfi dinamika müşahidə olunur. Demək, bu, ardıcıl hal alıb və özü qida təhlükəsizliyini təhdid edir”.
O qeyd edib ki, əslində isə məntiqlə tam əksi baş verməli idi:
“Laçın və Kəlbəcər yaylaqlarının geri qaytarılması, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanda heyvandarlığın inkişafına gətirib çıxarmalı idi. Deməli, bunun səbəblərini araşdırmaq lazımdır. Sahibkarlar nə üçün bu fəaliyyət sahəsindən məmnun olmurlar? Burada süni şəkildə bazarın əngəllənməsi, sahibkarın birbaşa bazara çıxışının məhdudlaşdırılması səbəb kimi göstərilə bilər. Əgər hər hansı sahibkarı birbaşa alıcı ilə təmasdan məhrum ediriksə, yəni yetişdirdiyi mal-qaranı birbaşa sata bilmirsə və araya vasitəçi girirsə, heç şübhəsiz ki, burada həm qiymətlər qalxacaq, həm də sahibkarlıq fəaliyyəti cəlbediciliyini itirəcək. Ona görə də düşünürəm ki, bütün bunlar düzgün şəkildə qiymətləndirilməli və düzgün qərarlar qəbul edilməlidir”.
Aysel