Kabinədə oturanların "kiber-tövlə" xəyalı: Qoşqar müəllim, kəndli heyvanı klaviatura ilə necə bəsləsin?
AQTA sədri Qoşqar Təhməzli ötən günlərdə elə bir bəyanat verdi ki, adam eşidəndə bilmir gülsün, yoxsa ağlasın. Sədr deyir ki, ölkədəki heyvan bazarlarını mərhələli şəkildə bağlayacağıq, kəndli də inəyini, qoyununu internet üzərindən, rəqəmsal birjada satacaq. Adamın beynində avtomatik olaraq bir sual yaranır: görəsən, hörmətli rəsmilər Bakıdan kənara çıxanda rayonların, kəndlərin real vəziyyəti ilə maraqlanırlar, yoxsa elə bilirlər hər yerdə internet "tıqırtı" ilə işləyir?
Gəlin real mənzərəni göz önünə gətirək. Bərdənin, Saatlının,İmişlinin hansısa kəndində yaşayan Məmməd dayı ömrü boyu heyvan saxlayıb, ailəsini onunla dolandırıb. İndi bu adama deyirlər ki, səhər tezdən durub tövləni təmizləyəndən sonra smartfonunu götür, inəyin şəklini çək, "heyvan birjası" proqramına yüklə, çəkisini, yaşını yaz, gözlə ki, Bakıdan kimsə onu bəyənib onlayn səbətə atsın. Gülməlidir, vallah.
Axı bu kəndli hələ smartfonda sadə bir vhatsap mesajını güclə göndərir. Qaldı ki, internet tapıb birjada qiymət izləsin, elektron müqavilə bağlasın. Hələ mən rayonlardakı o məşhur "şəbəkə yoxdur" problemini demirəm. Kənd yerində bir az külək əsən kimi internet kəsilir, bəs onda kəndli virtual inəyini necə satacaq?
Məsələnin başqa bir tərəfi də var. Bizdə heyvan bazarı təkcə alver yeri deyil, bir gediş-gəlişdir, mədəniyyətdir. Alıcı gəlib heyvanın dişinə baxacaq, belinə əlini vurub ətini yoxlayacaq, satanın əlini sıxıb dəqiqələrlə silkələyə-silkələyə qiymət kəsəcək. İkincisi, kəndli malını satıb aldığı nağd pulla elə oradaca ununu, yağını, uşağının məktəb paltarını alır. İndi sən bu adama deyirsən ki, malı onlayn sat, pul gəlsin kartına otursun. Sonra da bu yazıq kəndli rayon mərkəzinə getməlidir, işləməyən bankomatın qarşısında növbəyə durmalıdır ki, pulunu nağdlaşdıra bilsin.
Əlbəttə, rəqəmsallaşma yaxşı şeydir, amma hər şeyin bir vaxtı və sırası var. Kəndliyə internetlə inək satmağı təklif etməzdən əvvəl, rayonlarda normal internet infrastrukturu qurmaq, adamlara elementar rəqəmsal savad öyrətmək lazımdır. Yoxsa bazarı abadlaşdırıb şərait yaratmaq əvəzinə, "hamısını bağlayıb onlayn edirik" demək, sadəcə problemdən qaçmaqdır. Qorxuram ki, paytaxt kabinetlərində qurulan bu "kiber-tövlə" planları real həyatın divarına çırpılıb dağılsın, ortada olan-qalan ətin də qiyməti od tutub yansın.
Aidə Tofiqqızı