Son illərdə kredit öhdəlikləri ilə bağlı yaranan mübahisələr vətəndaşların ən çox müraciət etdiyi hüquqi məsələlərdən birinə çevrilib. Kredit borcunun ödənilməsində çətinlik yaşayan şəxslər bankların hansı addımlar ata biləcəyini və öz hüquqlarını necə qoruya biləcəklərini bilmək istəyirlər.
Mövzu ilə bağlı bank eksperti Emin Kərimov 1xeber.media-ya bildirib ki, kredit münasibətlərində həm bankların (kreditorların), həm də borcalanların qanunvericiliklə müəyyən edilmiş hüquq və öhdəlikləri mövcuddur:
“Bu hüquq və öhdəliklər kredit müqaviləsində öz əksini tapır. Borcalanın əsas hüquqlarından biri kredit üzrə etdiyi ödənişlərlə bağlı bankdan ətraflı məlumat almaqdır. O, banka müraciət edərək ödəniş tarixçəsini, hesabdan çıxarışı əldə edə, ödənilən vəsaitin hansı hissəsinin əsas borca, hansı hissəsinin isə faizlərə yönəldiyini öyrənə bilər. Eyni zamanda, texniki səbəblərdən gecikmə qeydə alınıbsa və bu, bankın günahından qaynaqlanıbsa, borcalan həmin halın araşdırılmasını, kredit reyestrindəki yanlış məlumatların düzəldilməsini və problemin aradan qaldırılmasını tələb etmək hüququna malikdir. Başqa sözlə, borcalan kredit ödənişləri ilə bağlı bütün məlumatları əldə etmək və bankın təqsiri ucbatından yaranmış texniki problemlərin həllini tələb etmək hüququna sahibdir. Bankların məhkəməyə müraciət etmək hüququ isə kredit ödənişlərinin uzun müddət gecikdirilməsi ilə bağlıdır. Əgər kredit üzrə ödəniş 90 gündən artıq gecikdirilərsə, həmin kredit problemli, yəni "toksik aktiv" hesab edilməyə başlayır. Bu mərhələdə bank kreditin sağlamlaşdırılması üçün müəyyən addımlar atmalıdır”.
Onun sözlərinə görə, ilk növbədə, borcalanla əlaqə saxlanılır, kreditin ödənilməsi tələb olunur və vəziyyətin həlli yolları müzakirə edilir:
“Əgər borcalan bankın müraciətlərinə baxmayaraq öhdəliyini yerinə yetirmirsə, bankın iki əsas çıxış yolu qalır. Birincisi, tərəflərin qarşılıqlı razılığı əsasında kreditin restrukturizasiyasıdır. İkincisi isə məhkəməyə müraciət edərək kredit borcunun məcburi qaydada ödənilməsini tələb etməkdir. Kredit girovla təmin olunubsa, məhkəmənin qərarı əsasında borcun ödənilməsi girov qoyulmuş əmlak hesabına həyata keçirilə bilər. Təminatsız kreditlərdə isə, məsələn, kredit yalnız gəlir arayışı əsasında verilibsə, məhkəmə qərarı ilə borcun ödənilməsi borcalanın əməkhaqqısından tutulmaqla təmin edilə bilər. Kredit zaminlə rəsmiləşdirildiyi hallarda isə zamin də məsuliyyət daşıyır və qanunvericiliyin tələblərinə uyğun olaraq borcun ödənilməsi həm borcalanın, həm də zaminin gəlirləri hesabına təmin oluna bilər. Bu məsələlər "Banklar haqqında" Qanun, digər normativ hüquqi aktlar və kredit müqaviləsinin şərtləri ilə tənzimlənir. Kredit müqavilələrinin son hissəsində, adətən, mübahisələrin həlli qaydası ayrıca göstərilir. Həmin bəndə əsasən, tərəflər arasında yaranan mübahisələr əvvəlcə qarşılıqlı razılıq yolu ilə həll edilməyə çalışılır, bu mümkün olmadıqda isə məsələ məhkəmə qaydasında həll olunur”.
O diqqətə çatdırıb ki, kredit ödənişlərinin gecikməsi həm subyektiv, həm də obyektiv səbəblərdən yarana bilər:
“Subyektiv səbəblərə borcalanın qəsdən ödəniş etməməsi, bankla münaqişəyə getməsi və ya öhdəliyini bilərəkdən yerinə yetirməməsi daxildir. Obyektiv səbəblər isə şəxsin iradəsindən asılı olmayan hallardır. Məsələn, iş yerinin bağlanması, işdən çıxarılma, əməkhaqqının gecikdirilməsi və ya ailədə gözlənilməz, məcburi xərclərin yaranması nəticəsində borcalan kredit ödənişlərini vaxtında həyata keçirə bilməyə bilər. Belə hallarda borcalan banka müraciət edərək kreditin restrukturizasiyasını tələb edə bilər. Əgər bu mümkün olmazsa və məsələ məhkəməyə qədər gedib çıxarsa, borcalan vəkilin köməyindən istifadə edə və ya məhkəmədə şəxsən iştirak edərək öz hüquqlarını müdafiə edə bilər. Girovla təmin edilmiş kreditlərdə isə borcalan girov qoyulmuş əmlakın satılmasının qarşısını almaq üçün məhkəməyə əlavə ödəniş mənbələri təqdim edə, müəyyən müddət möhlət verilməsini xahiş edə və həmin müddət ərzində borcun ödənilməsini öz üzərinə götürə bilər. Məhkəmə şəraitdən asılı olaraq 1 ay, 3 ay və ya 6 ay kimi möhlət verə bilər. Əgər bu imkanlardan istifadə olunmasına baxmayaraq kredit ödənilməzsə, bank qanunvericiliyə uyğun olaraq məhkəmə yolu ilə borcun tutulmasını təmin etməlidir. Çünki bankların da maliyyə sabitliyi ilə bağlı öhdəlikləri var. Problemli kreditlərin, yəni toksik aktivlərin həcmi müəyyən həddi keçdikdə bu, bankın likvidlik göstəricilərinə mənfi təsir göstərir, maliyyə dayanıqlığını zəiflədir və ciddi hallarda bankın fəaliyyətinə, hətta lisenziyasına da risk yarada bilər. Məhz buna görə banklar problemli kreditlərlə bağlı qanunvericiliyin tələb etdiyi addımları vaxtında atmağa borcludurlar”.
Aysel