Вернуться назад Распечатать

"Aİ-92" benzininin qiyməti enəcək? – Ekspertdən AÇIQLAMA

Azərbaycanın “Aİ-92” markalı avtomobil benzini üzrə xarici bazarlara çıxışı bu ilin ilk yarısında nəzərəçarpacaq dərəcədə artıb. Yanvar-iyun aylarında ölkə 4,36 milyon ABŞ dolları dəyərində 5 365 ton “Aİ-92” benzini ixrac edib. İxracın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə, həcmi isə 72% yüksəlib. Eyni zamanda, benzin idxalı 96% azalıb.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli 1xeber.media-ya açıqlamasında  deyib ki, “Aİ-92” benzini üzrə ixracın artması və idxalın 96 faiz azalması ilk növbədə Azərbaycanın daxili bazarda benzin təminatında xaricdən asılılığının xeyli zəiflədiyini göstərir:
“Bu, ümumilikdə müsbət tendensiyadır. Ölkə daxili tələbatın daha böyük hissəsini öz istehsalı hesabına ödəyə bilirsə, xarici bazarlardakı qiymət dəyişikliklərinin daxili yanacaq bazarına təsiri müəyyən qədər azalır. İdxalın kəskin azalması xüsusilə diqqətçəkəndir. Bu, həm yerli istehsal imkanlarının artması, həm də daxili tələbatın daha böyük hissəsinin Azərbaycanın öz yanacaq istehsalı hesabına qarşılanması ilə bağlı ola bilər. Belə vəziyyətdə ölkənin valyutasına qənaət edilir, eyni zamanda yerli neft emalı və istehsal zəncirinin səmərəliliyi artır. İxracın artması isə onu göstərir ki, daxili tələbat tam təmin edildikdən sonra müəyyən həcmdə benzin xarici bazarlara çıxarıla bilir. Bu, Azərbaycan üçün əlavə valyuta gəliri yaradır. Lakin ixracın artmasının avtomatik olaraq daxildə benzinin bahalaşmasına səbəb olacağını düşünmək düzgün deyil. Əsas məsələ daxili bazarda tələb və təklif balansının qorunmasıdır”.
O qeyd eidb ki, əgər ölkədə “Aİ-92” benzininin istehsalı daxili tələbatı rahat şəkildə qarşılayırsa və ixrac üçün də kifayət qədər məhsul qalırsa, ixracın artmasının daxili qiymətlərə ciddi təzyiq yaratması gözlənilmir:
“Əksinə, yerli istehsalın genişlənməsi və idxaldan asılılığın azalması qiymət sabitliyi üçün daha əlverişli şərait yaradır. Amma burada başqa amil də var. Yanacağın qiyməti yalnız istehsal və idxal göstəricilərindən asılı deyil. Vergilər, logistika və emal xərcləri, dünya neft bazarındakı vəziyyət, dövlətin qiymət siyasəti və daxili tələb də mühüm rol oynayır. Buna görə təkcə benzinin ixracının artmasına əsaslanaraq yaxın dövrdə qiymətin mütləq azalacağını və ya dəyişməyəcəyini demək olmaz. Ümumilikdə, “Aİ-92” üzrə ixracın 2,3 dəfə artması, həcmin 72 faiz yüksəlməsi və idxalın 96 faiz azalması Azərbaycanın yanacaq təminatı baxımından müsbət göstəricidir. Əsas üstünlük ondadır ki, Azərbaycan artıq əvvəlki qədər xaricdən benzin almağa ehtiyac duymur və hətta daxili bazarı təmin etdikdən sonra xaricə də məhsul sata bilir. Bu tendensiya davamlı xarakter alarsa, daxili bazarda yanacaq təminatının sabitliyinə müsbət təsir göstərə bilər”.

Aysel