Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu ölkənin konstitusiya quruluşuna, ərazi bütövlüyünə qarşı çağırışlar edən və terrorçuluğu təbliğ edən Rusiya Federasiyasının 3 vətəndaşı barəsində cinayət işi başladaraq onları İNTERPOL xətti ilə beynəlxalq axtarışa verib.
Azərbaycan dövlətinə qarşı ağır cinayətlərdə ittiham olunan həmin şəxslərin dosyesini təqdim edirik:
Aleksey Çadayev - Rusiya nəqliyyat nazirinin müşaviri, siyasi analitik
1978-ci ildə Moskvada doğulan Aleksey Çadayev Rusiyanın siyasi və media dairələrində ideoloq və analitik kimi tanınır. Müxtəlif illərdə Rusiya Dövlət Dumasında, Prezident Administrasiyasında və "Yedinaya Rossiya" partiyasında strateji layihələrə rəhbərlik edib.
Hazırda Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri postunu tutur. O, media resurslarında Azərbaycanın ərazi bütövlüyünə qarşı zorakı metodlardan istifadə edilməsini, ayrı-ayrı şəxslərin fiziki məhvini və ünvanlı sıradan çıxarılmasını açıq şəkildə təbliğ edib.
Semyon Uralov - Siyasi məsləhətçi və media eksperti
Postsovet məkanı üzrə ixtisaslaşmış siyasi politoloq və proqnozçu kimi çıxış edən Semyon Uralov uzun illərdir müxtəlif media layihələrinin müəllifidir. O, özünün "YouTube" platformasındakı "Семён Уралов" kanalı və orada yayımlanan "Чистота понимания" verilişi vasitəsilə anti-Azərbaycan təbliğatının əsas təşkilatçılarından biri olub.
Uralov efir imkanlarından istifadə edərək Azərbaycan Respublikasında etnik nifrət və düşmənçilik salmağa, dövlət əleyhinə təxribatçı çağırışlar etməyə şərait yaradıb.
İvan Knyazev - "Moskva 24" telekanalının aparıcısı
Rusiya mərkəzi televiziyalarında, xüsusilə "Moskva 24" kanalında xəbər və siyasi tok-şouların aparıcısı kimi fəaliyyət göstərən İvan Knyazev jurnalistika fəaliyyətini siyasi təhdid vasitəsinə çevirənlərdəndir. O, sözügedən proqramlarda fəal iştirak edərək Azərbaycan dövlətinə qarşı güc tətbiq olunması, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması istiqamətində açıq bəyanatlarla çıxış edib.
Xatırladaq ki, hər üç şəxs barəsində Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanıb, məhkəmə qərarı ilə barələrində qiyabi həbs qətimkan tədbiri seçilib./bakivaxti.az/