Rusiya Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən üç rusiyalı jurnalistin qanuni hüquq və maraqlarını qoruyacağını açıqlayıb.
1xeber.media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Zaxarovanın sözlərinə görə, zərurət yaranacağı təqdirdə Moskva Azərbaycan Baş Prokurorluğunun qərarı ilə beynəlxalq axtarışa verilən Rusiya vətəndaşlarına hüquqi və diplomatik dəstək göstərəcək.
Diplomat həmçinin Azərbaycanın informasiya məkanında Rusiyaya qarşı dost olmayan narrativlərin mütəmadi yayıldığını iddia edib. O, Moskvanın informasiya mühitinin yaxşılaşdırılması məsələlərini azərbaycanlı həmkarları ilə müzakirə etməyi dəfələrlə təklif etdiyini bildirib.
Zaxarova bu istiqamətdə dialoqun baş tutacağına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, avqustun 18-də Azərbaycanın üç Rusiya vətəndaşı — İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayev barəsində axtarış elan etdiyi məlum olub.