Son günlər sosial şəbəkələrdə “WhatsApp” yazışmalarının oxunması və müxtəlif hesabların pul qarşılığında ələ keçirilməsi ilə bağlı elanların yayılması kibertəhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Mütəxəssislər isə bu cür təkliflərin əksər hallarda dələduzluq məqsədi daşıdığını bildirirlər.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Miralıyev 1xeber.media-ya açıqlamasında bildirib ki, sosial mediada yayılan “WhatsApp yazışmalarını oxumaq” vədi real xidmət kimi təqdim olunsa da, bunun arxasında əsasən dələduzluq sxemləri dayanır:
““WhatsApp” hesablarına bu cür elanlarda vəd edildiyi kimi sadə üsullarla müdaxilə etmək mümkün deyil. “WhatsApp”ın təhlükəsizlik sistemi sosial şəbəkələrdə reklam edilən xidmətlər vasitəsilə yazışmaların sındırılmasına imkan vermir. Buna görə də vətəndaşlar belə elanlara inanmamalı, mümkün olduğu halda həmin səhifələr barədə aidiyyəti platformalara və qurumlara məlumat verməlidirlər. Nəzəri baxımdan konkret şəxsin yazışmalarına və cihazındakı məlumatlara çıxış əldə etməyin yollarından biri həmin telefona casus proqram yerləşdirilməsidir. Bu baş verdikdə isə təhlükə yalnız “WhatsApp”la məhdudlaşmır, cihazdakı digər məlumatlar da risk altına düşə bilər. Lakin bunun həyata keçirilməsi texniki baxımdan mürəkkəbdir və sosial şəbəkələrdə təqdim olunan “ödəniş et, hesabı sındıraq” tipli xidmətlərin real olması şübhəlidir.
F.Miralıyev “WhatsApp” hesablarının qorunmasında birdəfəlik təsdiq kodunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“Hesab yeni cihazda aktivləşdirilərkən istifadəçiyə OTP kodu SMS, tətbiqdaxili bildiriş və ya telefon zəngi vasitəsilə göndərilə bilər. Bu kod hesabın başqa cihazda aktivləşdirilməsi üçün əsas vasitələrdən biridir. Kod üçüncü şəxsin əlinə keçərsə, hesabın başqa cihazda aktivləşdirilməsi riski yaranır. Dələduzlar da məhz bu üsuldan istifadə etməyə çalışırlar. Bəzən özlərini bank əməkdaşı və ya hüquq-mühafizə orqanının nümayəndəsi kimi təqdim edərək istifadəçidən təsdiq kodunu istəyirlər. Belə məlumatlar heç bir halda qarşı tərəfə verilməməlidir”, – ekspert bildirib.
Aysel