Вернуться назад Распечатать

Davamlı pis xəbərlər oxuyursunuz? – Tanınmış psixoloq ciddi fəsadları açıqladı

Son illər informasiya axınının sürətlənməsi ilə insanlar gün ərzində onlarla mənfi xəbərlə qarşılaşırlar. Müharibələr, qəzalar, cinayət hadisələri, təbii fəlakətlər və digər xoşagəlməz məlumatlar sosial şəbəkələr və xəbər platformaları vasitəsilə fasiləsiz şəkildə yayılır. Bu cür xəbərlərə uzun müddət məruz qalmaq insanın emosional vəziyyətinə, gündəlik davranışına və psixi sağlamlığına mənfi təsir göstərə bilər. Bəs mənfi xəbərləri davamlı izləmək hansı psixoloji nəticələrə səbəb olur?
Mövzu ilə bağlı Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov 1xeber.media-ya açıqlamasında qeyd edib ki,  insan beyni təhlükəni erkən müəyyən etmək üçün təkamül prosesində formalaşıb:
“Buna görə də mənfi məlumatlar diqqətimizi müsbət xəbərlərdən daha çox cəlb edir. Psixologiyada bu hadisə “negativity bias”, yəni mənfiyə meyillilik effekti kimi tanınır. Bu səbəbdən müharibələr, qəzalar, cinayət hadisələri və digər xoşagəlməz xəbərlər insanın emosional yaddaşında daha uzun müddət qalır və daha güclü təsir göstərir. Problem təkcə mənfi xəbərlərin mövcudluğu deyil, onların fasiləsiz və təkrarlanan şəkildə istehlak edilməsidir. Sosial şəbəkələrin alqoritmləri istifadəçinin diqqətini cəlb edən məzmunu daha çox göstərdiyi üçün insan gün ərzində eyni mövzuda onlarla oxşar xəbərlə qarşılaşa bilir. Bu isə psixoloji yükü əhəmiyyətli dərəcədə artırır. Elmi araşdırmalar göstərir ki, uzun müddət mənfi xəbərlərə məruz qalmaq stress hormonlarının, xüsusilə kortizolun səviyyəsini yüksəldə bilər. Davamlı yüksək stress isə narahatlıq hissinin artmasına, yuxu pozuntularına, emosional gərginliyə, diqqət və yaddaş problemlərinə səbəb ola bilər. Bəzi insanlarda bu vəziyyət ümidsizlik hissini gücləndirərək depressiv əlamətlərin yaranması üçün risk faktoruna çevrilə bilər”.
O bildirib ki, digər mühüm məqam “doomscrolling” adlandırılan davranışdır:
“Bu termin insanın özünü saxlaya bilmədən ardıcıl şəkildə mənfi xəbərləri izləməsini ifadə edir. Maraqlıdır ki, insan xəbərlərdən narahat olsa da, təhlükəni tam anlamaq və nəzarət hissini bərpa etmək məqsədilə daha çox xəbər oxumağa davam edir. Lakin nəticədə narahatlıq azalmaq əvəzinə daha da artır və bir növ psixoloji dövr yaranır. Bunun uzunmüddətli nəticələri yalnız fərdin emosional vəziyyəti ilə məhdudlaşmır. İnsanlarda dünyanı olduğundan daha təhlükəli qəbul etmə meyli yaranır. Psixologiyada buna “mean world syndrome” yəni “təhlükəli dünya sindromu” deyilir. Belə insanlar ətraf mühitə qarşı daha çox inamsızlıq göstərə, gələcəyə pessimist yanaşa və sosial münasibətlərdə ehtiyatlı davranmağa başlaya bilərlər. Bununla yanaşı, hər kəs mənfi xəbərlərə eyni şəkildə reaksiya vermir. Uşaqlar, yeniyetmələr, yaşlı insanlar, travma yaşamış şəxslər, narahatlıq və depressiyaya meyilli insanlar bu təsirlərə daha həssas qrup hesab olunurlar. Xüsusilə uşaqlar real təhlükə ilə mediada təqdim olunan təhlükəni ayırd etməkdə çətinlik çəkdikləri üçün onların xəbər istehlakına valideyn nəzarəti vacibdir. Bu o demək deyil ki, insanlar xəbərləri izləməməlidirlər. Məlumatlı olmaq müasir cəmiyyət üçün vacibdir. Əsas məsələ informasiya almaqla psixoloji sağlamlığı qorumaq arasında balans yaratmaqdır. Bunun üçün xəbərlərin gün ərzində müəyyən vaxtlarda izlənilməsi, etibarlı informasiya mənbələrinin seçilməsi, eyni xəbərin müxtəlif platformalarda təkrar-təkrar izlənilməməsi və günün sonunda mənfi informasiya axınından uzaq qalmaq tövsiyə olunur”. 

O həmçinin qeyd eidb ki, insan gündəlik həyatında müsbət emosiyalar yaradan fəaliyyətlərə də kifayət qədər vaxt ayırmalıdır:
“Fiziki aktivlik, ailə və dostlarla ünsiyyət, kitab oxumaq, təbiətdə vaxt keçirmək və hobbilərlə məşğul olmaq beynin emosional balansını qorumağa kömək edir. Əgər insan artıq xəbərləri izlədikdən sonra uzun müddət narahatlıq keçirirsə, yuxusu pozulursa, gündəlik fəaliyyətində çətinlik yaşayırsa və bu vəziyyət həftələrlə davam edirsə, psixoloqa müraciət etməsi məqsədəuyğundur. Problem mənfi xəbərlərin mövcudluğu deyil, onların nəzarətsiz və fasiləsiz istehlakıdır. İnformasiya əsrində psixoloji sağlamlığın qorunması üçün “informasiya gigiyenası” ən az fiziki gigiyena qədər əhəmiyyətlidir. İnsan nə qədər məlumat aldığını deyil, hansı məlumatı, hansı mənbədən və hansı intensivlikdə qəbul etdiyini idarə etməyi bacarmalıdır. Bu yanaşma həm məlumatlı qalmağa, həm də emosional rifahı qorumağa imkan verir”.
Aysel