Вернуться назад Распечатать

Tehran Avropadakı ABŞ bazalarını vuracaq? - Alyansdan təcili açıqlama

NATO İranın Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endirəcəyi təqdirdə müttəfiqlərinə qarşı yönəlmiş təhdidlərə cavab verməyə hazır olduğunu açıqlayıb.

1xeber.media xəbər verir ki, bu barədə CNN telekanalına alyansın nümayəndəsi məlumat verib.

“NATO istənilən təhdidə qarşı durmağa hazırdır və bütün müttəfiqlərin müdafiəsi üçün lazımi addımları atacaq”, – deyə alyans rəsmisi vurğulayıb.

Qeyd edək ki, sözügedən bəyanat “Financial Times” qəzetinin İrana yaxın mənbələrə istinadən yaydığı xəbərdən sonra verilib. Nəşrin məlumatına görə, Tehran Vaşinqton tərəfindən müharibənin eskalasiyası baş verəcəyi təqdirdə Avropadakı ABŞ hərbi obyektlərinə hücum etmək imkanlarını nəzərdən keçirib.

Xatırladaq ki, Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsində təsbit olunmuş kollektiv müdafiə prinsipinə əsasən, alyans üzvlərindən birinə hücum bütün üzvlərə edilmiş hücum kimi qiymətləndirilir. İndiyədək bu maddə yalnız bir dəfə – 2001-ci il sentyabrın 11-də ABŞ-də törədilən terror aktlarından sonra işə salınıb.