Вернуться назад Распечатать

Nəğd, yoxsa kart? Dükanlarda vətəndaşları bezdirən "terminal işləmir" bəhanəsi

Son aylarda istər sosial şəbəkələrdə, istərsə də gündəlik məişətdə sərnişinlər, alıcılar və xidmət sektorunun nümayəndələri arasında ən çox mübahisə doğuran mövzu nağdsız ödənişlərdir. Dövlətin "kölgə iqtisadiyyatı" ilə mübarizə və şəffaflığın artırılması istiqamətində apardığı uğurlu rəqəmsallaşma siyasətinə baxmayaraq, bəzi kiçik və orta ticarət obyektləri, eləcə də taksi sürücüləri hələ də israrla nağd pul tələb edirlər.

1xeber.media xəbər verir ki,demək olar ki, hər bir vətəndaş gün ərzində ən azı bir dəfə mağazada kartla ödəniş etmək istəyərkən "post-terminalın interneti kəsilib", "aparat hazırda blokdadır", "çek çıxarmır" və ya "kartla olanda üstünə faiz gəlir" kimi qeyri-peşəkar bəhanələrlə qarşılaşır. Bəzi yerlərdə isə alıcılara kartdan karta köçürmə (böyük əksəriyyəti faizli və ya şəxsi hesaba) təklif olunur ki, bu da istehlakçıların hüquqlarının birbaşa pozulması deməkdir.
Bu vəziyyət təkcə narahatlıq yaratmır, həm də mağaza daxilində ciddi münaqişələrə, müştəri itkisinə gətirib çıxarır. İqtisadçılar isə məsələyə çox net yanaşırlar: İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında qanuna görə, ticarət obyekti müştəriyə sərbəst ödəniş seçimi təqdim etməyə borcludur. Terminalların qəsdən söndürülməsi və ya bəhanə gətirilməsi əksər hallarda dövriyyəni gizlətmək və vergidən yayınmaq məqsədi daşıyır. Vətəndaşlar bu cür hallarla qarşılaşdıqda aidiyyəti dövlət xidmətlərinə şikayət etməkdən çəkinməməlidirlər.
Aidə Tofiqqızı