Вернуться назад Распечатать

Mənzil bazarında sentyabr addımları: Kirayə qiymətləri niyə "od tutub yanır"?

Paytaxtın daşınmaz əmlak bazarında, xüsusilə də kirayə mənzil sektorunda son illərin ən böyük qiymət artımı müşahidə olunur. Hər il avqust və sentyabr aylarında ali məktəblərə qəbul olan tələbələrin şəhərə axışması ilə qiymətlərin müəyyən qədər yüksəlməsi normal qəbul edilsə də, builki qiymətlər orta statistik vətəndaşın büdcəsini xeyli aşır. Hazırda metrostansiyalara yaxın ərazilərdə yerləşən köhnə tikili binalarda sıradan bir otaqlı mənzilin kirayəsi minimum 550-600 manatdan başlayır.

Daşınmaz əmlak sahəsi üzrə tanınmış ekspert Elnur Fərzəliyev məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada bildirib ki, bu bahalaşmanın arxasında bir neçə ciddi amil dayanır: "Birincisi, Bakının mərkəzi hissələrində, xüsusilə 'Kubinka', 'Sovetski', 'Papanin' kimi tanınan ərazilərdə köhnə və qəzalı evlərin sökülərək yerində modern komplekslərin tikilməsi kirayə bazarındakı ucuz mənzil fondunu kəskin şəkildə azaltdı. İkincisi, regionlardan təhsil və iş ardınca paytaxta gələn daxili miqrasiya axını hələ də çox yüksəkdir. Tələb qüvvətli olduğu üçün mənzil sahibləri qiymətləri süni şəkildə qaldırırlar".
Ekspert qeyd edir ki, bir çox tələbə və gənc ailə artıq şəhər mərkəzində mənzil saxlaya bilmədiyi üçün Abşeron rayonuna, Xırdalan şəhərinə, Masazır qəsəbəsinə və ya metronun son stansiyalarının ətrafına üz tutmağa məcbur olur. Lakin bu da öz növbəsində həmin kənar ərazilərdə həm qiymətlərin qalxmasına, həm də səhər saatlarında nəqliyyat infrastrukturunun daha da yüklənməsinə zəncirvari təsir göstərir.
Aidə Tofiqqızı