35 il əvvəl doğma Xanyurdu kəndini tərk etmək məcburiyyətində qalan Araz Quliyev üçün illər boyu bir arzu dəyişməz qaldı, doğma torpağına qayıtmaq. Uşaqlığının, gəncliyinin keçdiyi yerlərə yenidən ayaq basmaq, doğma torpağın havasını udmaq onun üçün sadəcə qayıdış deyil, illərlə gözlənilən bir arzunun gerçəkləşməsi idi.
1xeber.media xəbər verir ki,Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Xocalının Xanyurdu kəndinə qayıdan Araz Quliyev indi burada həyatını yenidən qurur. Vaxtilə məcburən uzaq düşdüyü torpaqda bu gün öz təsərrüfatını yaradır, zəhməti ilə torpağa həyat verir.Araz dayının gününün böyük hissəsi təsərrüfat işləri ilə keçir. Arı ailələri, mal-qara saxlayır. Bağ-bağçada çalışır, meyvə, tərəvəz əkir. Torpağa səpdiyi hər toxum onun həm gələcəyə ümidi, həm də doğma yurdda qurulan yeni həyatının rəmzidir. Araz Quliyev deyir ki, illər əvvəl məcburən tərk etdiyi Xanyurdunda yenidən təsərrüfat qurmaq tamam başqa hissdir.
Çünki o, bu dəfə sadəcə torpağa qayıtmayıb. O, bura həm də gələcəyini qurmaq üçün gəlib.Bu gün Xanyurdunda həyat yenidən canlanır. Doğma yurda qayıdan sakinlər evlərini bərpa edir, təsərrüfatlarını qurur, torpağı əkib-becərir. Araz Quliyev kimi insanların fəaliyyəti isə Böyük Qayıdışın yalnız yurda deyil, həm də yeni həyat tərzinə qayıdış olduğunu göstərir.35 illik ayrılıqdan sonra Araz dayının əlində bu gün arı pətəkləri, yanında mal-qara, qarşısında isə əkib-becərdiyi torpaq var. Bir vaxtlar məcburən ayrıldığı Xanyurdu indi onun üçün yenidən doğma yurd, əmək meydanı və gələcəyə açılan ünvandır.
Burada hər cücərən toxum, hər qurulan təsərrüfat, hər zəhmət izi bir həqiqəti təsdiqləyir: doğma torpağa qayıdış yalnız evə dönmək deyil, həyata yenidən başlamaqdır.





