Вернуться назад Распечатать

Sürücülər ən çox bu qayda pozuntusuna görə cərimələnirlər – Hüquqşünas

Yol hərəkəti qaydalarının pozulması Azərbaycanda sürücülərin cərimələnməsinin əsas səbəblərindən biri olaraq qalır. Sürət həddinin aşılması, yol nişanlarının tələblərinə əməl edilməməsi və digər qayda pozuntuları həm yol təhlükəsizliyinə, həm də qəza riskinin artmasına təsir göstərir. Azərbaycanda sürücülərin ən çox cərimələndiyi yol hərəkəti qayda pozuntuları hansılardır?

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov 1xeber.media-ya bildirib ki,  sürücülərin, xüsusilə də taksi fəaliyyəti ilə məşğul olan şəxslərin ən çox üzləşdiyi problemlərdən biri yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrdir:
“Təcrübə göstərir ki, ən çox qeydə alınan inzibati xəta sürət həddinin aşılması ilə bağlıdır. İnzibati Xətalar Məcəlləsinə əsasən, müəyyən edilmiş sürət həddinin 10–20 km/saat, 20–40 km/saat, 40–60 km/saat və 60 km/saatdan artıq aşılması hallarına görə müxtəlif məbləğdə cərimələr və cərimə balları tətbiq edilir. Bununla yanaşı, taksi sürücülərinin qayda pozuntusu etməsinə səbəb olan digər amillər də mövcuddur. Xüsusilə paytaxtda müşahidə olunan intensiv tıxaclar, bəzi küçə və prospektlərdə yaranan hərəkət məhdudiyyətləri sürücülərin işini xeyli çətinləşdirir. Belə vəziyyətlərdə sərnişinlərin vaxtında ünvana çatmaq tələbi ilə yol şəraitinin yaratdığı məhdudiyyətlər arasında qalan sürücülər tez-tez çıxılmaz vəziyyətlə üzləşirlər”.
O deyib ki, bu səbəbdən bəzi hallarda sərnişini rahat şəkildə mindirmək və ya endirmək məqsədilə icazə verilməyən yerdə qısa müddətli dayanma və ya digər məcburi manevrlər edilir:
“Nəticədə həmin hərəkətlər qayda pozuntusu kimi qeydə alınır və sürücülər cərimələnirlər. Bu isə onların gündəlik qazancına birbaşa təsir göstərməklə yanaşı, ailə büdcəsinə də əlavə maliyyə yükü yaradır. İnzibati tənbeh tədbirləri tətbiq edilərkən cərimənin əsas məqsədi cəza vermək deyil, sürücülərdə yol hərəkəti qaydalarına əməl etmə vərdişini formalaşdırmaq olmalıdır. Qanunun tələbləri qorunmaqla yanaşı, konkret şərait və yüngülləşdirici hallar da nəzərə alınmalıdır. Burada əsas məqsəd büdcəni doldurmaq yox, cərimənin təyinatına uyğun olaraq qayda pozuntusuna meylli şəxslərin islah edilməsinə xidmət etmək olmalıdır. Eyni zamanda, sürücülərin verdiyi izahatlar dövlət məmurları tərəfindən normal qarşılanmalı, səmimi qəbul edilməlidir. Müəyyən bir vaxt ərzində sürücü tərəfindən hər hansı qayda pozuntusunun təkrar edilməməsi də yüngülləşdirici hal kimi nəzərə alınmalıdır”.
Aysel
1xeber.media