İsveçrənin Alp dağlarında dünyanın ən varlı insanları üçün nəzərdə tutulan nəhəng yeraltı sərvət anbarları inşa edilir.
1xeber.media xəbər verir ki, Lunqern bölgəsində tikilən xüsusi mağara-anbarlarda qiymətli metallar, incəsənət əsərləri, klassik avtomobillər, məlumatlar və digər dəyərli aktivlərin saxlanılması planlaşdırılır. Layihəni həyata keçirən şirkət yeraltı anbarların tikintisi üçün ərazidən 99 il müddətinə istifadə hüququ əldə edib.
Məlumata görə, gələcək müştərilər üçün 75 kvadratmetrlik yeraltı sahələrin icarə qiyməti 775 min İsveçrə frankından başlayır. Daha böyük, 210 kvadratmetrlik sahələrin qiyməti isə təxminən 1,5 milyon frank təşkil edir.
Yeraltı kompleksin 2028-ci ildən ilk sərvətləri qəbul etməyə başlaması gözlənilir. Burada müştərilərin şəxsi təhlükəsizlik tələblərinə uyğun xüsusi mühafizə sistemlərinin qurulması da nəzərdə tutulur.
Layihənin müəllifləri son illərdə dünyada baş verən geosiyasi böhranların varlı şəxslər arasında yüksək təhlükəsizlik səviyyəsinə malik aktiv saxlama məkanlarına tələbi artırdığını bildirirlər.
Beləliklə, İsveçrə Alplarında qurulan bu qeyri-adi kompleks dünyanın ən varlı insanlarının sərvətlərini mümkün müharibə, dron hücumları və digər təhlükələrdən qorumaq üçün nəzərdə tutulan ən bahalı yeraltı saxlanc məkanlarından birinə çevrilə bilər.