Вернуться назад Распечатать

Böyürtkən yığanlar cərimələnəcək – Hüquqşünas məbləği açıqladı

Sosial şəbəkələrdə yayılan paylaşımda rayonlardan birində təbii şəraitdə bitən böyürtkənləri toplayan qadınların cərimələndiyi iddia olunur. Sözügedən görüntülər sosial media istifadəçiləri arasında müzakirələrə səbəb olub. Bir çoxları yabanı şəraitdə bitən meyvə və giləmeyvələrin toplanmasına görə vətəndaşların hansı hallarda məsuliyyətə cəlb oluna biləcəyi ilə maraqlanır. Qanunvericilikdə isə meşə fondu ərazilərində təbii sərvətlərdən istifadə və onların toplanması ilə bağlı müəyyən qaydalar nəzərdə tutulur.

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov 1xeber.media-ya bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinə əsasən, meşə fonduna aid olan sahələrdə müəyyən hallarda meyvələrin, göbələklərin və digər məhsulların yığılması inzibati xəta hesab olunur:
“Bu halda vətəndaş 400 manatdan 600 manatadək cərimə edilə bilər. Yəni söhbət meşə fondu ərazilərində məhsulların yığılmasından gedir. Burada bir məqamı da qeyd etmək lazımdır ki, söhbət şəxsi istehlak məqsədilə yemək üçün istifadə olunmasından yox, yığılan məhsulların kütləvi şəkildə toplanaraq, məsələn, sonradan satış məqsədilə istifadə edilməsindən gedir. Yəni bu cür yığım müəyyən məhdudiyyətlərə tabedir. Bəzi ölkələrdə bu istiqamətdə belə məhdudiyyətlər yoxdur. Məsələn, Rusiyada, Böyük Britaniyada və Skandinaviya ölkələrində fərqli yanaşmalar tətbiq edilir. Amma bəzi ölkələrdə, o cümlədən Azərbaycanda, bununla bağlı müəyyən məhdudiyyətlər mövcuddur”.

Aysel Timur