Вернуться назад Распечатать

Bu avtomobil 4 min manat ucuzlaşdı – Səbəbi açıqlandı

 BYD Destroyer 05 modelinin qiymətində son həftələr nəzərəçarpacaq ucuzlaşma müşahidə olunur. Avtomobil bazarında yeni, yürüşsüz avtomobillər əvvəlki aylarla müqayisədə təxminən 4 min manat daha aşağı qiymətə satışa çıxarılır. Elan platformalarında bir neçə ay əvvəl 27-28 min manat civarında təklif olunan modellərin hazırda 23-24 min manat aralığında satılması alıcıların diqqətini cəlb edir. Qiymətlərdəki bu eniş bazarda Çin istehsalı olan avtomobillərə marağın davam etməsinə baxmayaraq, təklifin artması, idxal xərclərindəki dəyişikliklər və satıcılar arasında rəqabətin güclənməsi ilə əlaqələndirilir.

Qiymət dinamikası həm yeni avtomobil almağı planlaşdıran şəxslər, həm də ikinci əl bazarında satış edənlər üçün yeni vəziyyət formalaşdırır. Bəs BYD Destroyer 05 modelinin qiymətinin qısa müddətdə kəskin ucuzlaşmasının əsas səbəbləri nələrdir və bu tendensiya digər Çin avtomobillərinə də təsir göstərə bilərmi?
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov 1xeber.media-ya bildirib ki, BYD Destroyer 05 modelinin qiymətində müşahidə olunan enişi bir neçə amillə izah etmək olar:
“Hər bir avtomobil modelinin bazarda öz alıcı auditoriyası, satış dinamikası və rəqabət mühiti mövcuddur. BYD Destroyer 05 də daxil olmaqla Çin istehsalı olan avtomobillər – Changan və digər elektrik mühərrikli nəqliyyat vasitələri – öz seqmentləri daxilində bir-biri ilə rəqabət aparırlar. Mümkündür ki, Destroyer 05 müəyyən xüsusiyyətlərinə görə eyni sinifdə olan başqa bir modellə rəqabətdə geri qalıb. Bu zaman bazarda həmin modelə maraq nisbətən azalır və satışı stimullaşdırmaq məqsədilə qiymətlər endirilir. Bəzən bu, alıcılar tərəfindən model haqqında mənfi rəy kimi qəbul olunsa da, hər zaman avtomobilin keyfiyyətinin aşağı olması anlamına gəlmir”.

O qeyd edib ki, hər bir modelin qiyməti onun bazardakı mövqeyi, təklif və tələbin nisbəti, texniki xüsusiyyətləri və satış strategiyası əsasında formalaşır:
“İstehsalçılar və rəsmi satıcılar bazarın reaksiyasını qiymətləndirmək üçün müəyyən modellərdə qiymət siyasətini dəyişə, kampaniyalar həyata keçirə bilərlər. Digər tərəfdən, qiymət dəyişiklikləri modelin bazardakı rentabelliyini də göstərən göstəricilərdən biridir. Elə modellər var ki, bazarda daha stabil mövqe tutur və qiymətini uzun müddət qoruyur.

 Bəzən isə kiçik texniki və ya funksional fərqlər belə eyni markanın müxtəlif modelləri arasında qiymət fərqinin yaranmasına səbəb olur. Ümumilikdə, avtomobil bazarında rəqabət nə qədər güclü olarsa, qiymət siyasəti də bir o qədər çevik olur. Dünya bazarında hər hansı model gözlənilən uğuru qazana bilmədikdə və ya rəqiblərinə uduzduqda, bu, həmin modelə olan tələbatın azalmasına, nəticədə isə qiymətlərin aşağı düşməsinə gətirib çıxarır. Bu baxımdan BYD Destroyer 05 modelində müşahidə olunan ucuzlaşma da bazar rəqabətinin və satış strategiyasının nəticəsi kimi qiymətləndirilə bilər”.

Aysel