Вернуться назад Распечатать

Kirayə evlər bahalaşacaq — Səbəb açıqlandı

“28 May”–“Nizami” metro xəttində hərəkətin 10–11 ay müddətinə dayandırılması Bakının kirayə mənzil bazarında tələbin istiqamətinə təsir göstərə bilər. Avqustun 15-dən etibarən iki stansiya arasında qatarların hərəkətinin dayandırılması nəticəsində sərnişinlər üçün alternativ nəqliyyat imkanları yaradılıb.

Xüsusilə yeni tədris ili ərəfəsində tələbə və kirayəçi tələbinin artdığı bir vaxtda nəqliyyat baxımından daha əlverişli ərazilərə marağın yüksəlməsi həmin zonalarda kirayə qiymətlərinə əlavə təzyiq yarada bilər. Yasamal, Nərimanov, Gənclik və digər metroya yaxın ərazilərdə tələbin artması nəticəsində qiymətlərin yüksəlməsi ehtimalı gündəmə gəlir. Hazırda ekspertlər isə metro xəttinin bağlanmasının bütövlükdə bazarda kəskin dəyişiklikdən daha çox, tələbin ərazilər üzrə yenidən bölüşdürülməsinə səbəb ola biləcəyini bildirirlər.

Bəs metro xəttində uzunmüddətli məhdudiyyət kirayə bazarında hansı dəyişikliklərə səbəb ola bilər? Tələbələrin və digər kirayəçilərin alternativ ərazilərə yönəlməsi Yasamal, Nərimanov və Gənclik kimi ərazilərdə qiymətləri nə qədər artıra bilər? Bu proses ümumi kirayə bazarında qiymət artımını sürətləndirə bilərmi?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, hər il avqust və sentyabr aylarında daşınmaz əmlak bazarının kirayə seqmentində qiymətlər yüksəlir və bu, mövsümi xarakter daşıyır.
Onun sözlərinə görə, 50 mindən artıq abituriyentin tələbə adını qazanması fonunda onların böyük bir hissəsi paytaxtda təhsil müəssisələrində təhsilə başlamaq üçün mənzil bazarına müraciət edir və kirayə mənzil axtarışına başlayır:

“Bu da kirayə mənzil bazarında tələbin artması ilə nəticələnir. Təbii ki, tələb yüksəldikdə və təklif məhdud olduqda bu, qiymət artımı ilə səciyyələnir. Qiymət artımı adətən Nizami, 28 May, Elmlər Akademiyası, İnşaatçılar, 20 Yanvar və digər bu kimi ərazilərdə, metroya yaxın ərazilərdə daha çox hiss olunur.

Bildiyiniz kimi, 28 May və Nizami metro xəttində hərəkətin təqribən 10–11 ay müddətində dayandırılması fonunda kirayə bazarında müəyyən coğrafi yerdəyişmə baş verəcək. Həmin ərazilərdə indiyədək kirayə mənzil axtaranların bir qismi alternativ ərazilərdə mənzil axtarışına başlayacaq. Düzdür, bizim hesablamalarımıza görə, bu, vətəndaşların davranışında təxminən 50 faizlik fərq yaradacaq.

Yəni elə vətəndaşlar olacaq ki, həmin ərazilərdə kirayə mənzil axtarışını davam etdirəcək. Bu prosesin müvəqqəti olduğunu nəzərə alsaq, bəzi vətəndaşlarımız isə nəqliyyat əlçatanlığı baxımından daha uyğun ərazilərə müraciət edəcək.

Alternativ olaraq Elmlər Akademiyası, İnşaatçılar, 20 Yanvar, Memar Əcəmi, Gənclik və Nərimanov metro stansiyalarının ətrafı nəqliyyat əlçatanlığı baxımından uyğun olduğuna görə məhz bu ərazilərdə
qiymət artımının olacağını proqnozlaşdırmaq olar. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesablamalarına görə, təqribən 10–15 faiz civarında mövsümi qiymət artımının baş verə biləcəyi ehtimalı var”.

Vüqar Oruc əlavə edib ki, bu, Nizami və 28 May metro stansiyaları ətrafında qiymətlərin azalacağı və kirayə mənzillərin daha aşağı qiymətə təklif olunacağı anlamına gəlmir:

“Çünki ümumi qiymət artımı tendensiyası bütün ərazilərə təsirini göstərir. Alternativ ərazilərdə, bayaq adlarını çəkdiyim ərazilərdə qiymət artımı qaçılmazdır. Amma bu, tələbin daha çox alternativ ərazilərə istiqamətlənməsinin ümumi olaraq daşınmaz əmlak bazarının kirayə seqmentində qiymətlərin enməsi ilə nəticələnəcəyi demək deyil.

Qiymət artımı bütün bazara aiddir və bayaq qeyd etdiyim kimi, vətəndaşların davranışları, yəni bir hissəsinin yenə də 28 May və Nizami metro stansiyaları ətrafına müraciət etməsi ehtimalı həmin ərazilərdə qiymətlərin müəyyən mənada sabitləşməsinə və qiymət artımının zəifləməsinə gətirib çıxara bilər. Yəni söhbət burada ucuzlaşmadan yox, qiymət artımı tempinin aşağı düşməsindən gedə bilər.

Bunu da nəzərə alsaq ki, bu, müvəqqəti haldır və həmin ərazilərdə kirayə bazarına ciddi təsir göstərməyəcək. Amma ümumilikdə alternativ ərazilərə daha çox üstünlük verildiyinə görə qeyd olunan
ərazilərdə kirayə seqmentində tələbin yüksəlməsi nəticəsində daha çox qiymət artımı müşahidə oluna bilər.

Təbii ki, Yaşıl xətlə Qırmızı xəttin ayrılması və nəqliyyat əlçatanlığı baxımından iki stansiyanın ətrafında müəyyən problemlərin yaranması son nəticədə ümumi daşınmaz əmlak bazarına ciddi təsir
göstərməsə də, sözügedən stansiyaların ətrafındakı qiymətlərə və eyni zamanda alternativ olaraq seçiləcək yeni ərazilərdəki qiymətlərə də öz təsirini göstərəcək.

Bundan əlavə, şəhərin kənarında Qara Qarayev, Xalqlar Dostluğu kimi metro stansiyalarının ətrafında da nəqliyyat əlçatanlığının uyğun olması həmin ərazilərin sözügedən metro stansiyalarına alternativ kimi çıxış etməsinə imkan yaradır. Bu da həmin ərazilərdə kirayə qiymətlərinin yüksəlməsinə səbəb ola bilər.

Ən pik dövr avqustun sonları və sentyabrın əvvəllərinə təsadüf edəcək. Sentyabrın sonlarından oktyabrın əvvəllərinə qədər isə qiymət artımının müəyyən qədər səngiməsi və bazarın sabitləşməsi prosesinin başlayacağını ehtimal edirik.

Digər ərazilərdə kirayə qiymətlərinin bahalaşması, bəli, mümkündür. Ümumilikdə bu proses həmin bahalaşmanın ümumi bazarda da qiymət artımını sürətləndirəcəyini göstərir. Təbii ki, bu, yalnız coğrafi yerdəyişmə kimi qiymətləndirilə bilər. Yəni bir ərazidə müraciətlərin sayı azaldığı halda, digər ərazilərdə müraciətlərin sayı çoxaldığı üçün ümumi kontekstdə kirayə seqmentində qiymət artımı davam edəcək. Bu artım mövsümi xarakter daşıdığına və hər il təkrarlandığına görə, qiymətlərin əvvəlki dövrlə müqayisədə 10–15 faiz civarında yüksəlməsi ehtimal olunur”, – deyə Vüqar Oruc fikrini tamamlayıb.