ABŞ Dövlət Departamenti Xarici Hərbi Satışlar (FMS) proqramı çərçivəsində Qətərə ümumi dəyəri 4,5 milyard dollar qiymətləndirilən hərbi texnikanın mümkün satışına razılıq verib.
1xeber.media-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında yayılan açıqlamada bildirilib.
Qeyd olunub ki, Qətər 4-dək KC-46A yanacaqdoldurma təyyarəsi, 8 ədəd PW4062 mühərriki, həmçinin elektron müharibə avadanlıqları, raket hücumu barədə xəbərdarlıq sistemləri və LAIRCM infraqırmızı əks-təsir sistemlərinin alınmasını istəyib.
Paketə həmçinin ehtiyat hissələri, texniki xidmət avadanlıqları, rabitə və naviqasiya vasitələri, proqram təminatı, təlim materialları, mühəndislik və logistika dəstəyi, eləcə də inteqrasiya və sınaq xidmətləri daxil olacaq.
Dövlət Departamentinin qeyd etdiyinə görə, qarşıdakı saziş ABŞ-ın milli maraqlarına və xarici siyasət məqsədlərinə xidmət edəcək. Bu, Vaşinqtonun Yaxın Şərqdəki ən mühüm tərəfdaşlarından biri olan Qətərin xarici təhdidlərə qarşı mübarizədə və regional təhlükəsizliyin təmin edilməsində strateji rolunun gücləndirilməsinə kömək edəcək.
Qurumun məlumatına görə, sözügedən saziş həmçinin əmirliyin ABŞ və müttəfiq qüvvələri ilə operativ qarşılıqlı fəaliyyət imkanlarının artırılmasına xidmət edəcək.