Вернуться назад Распечатать

Benzin qıtlığı yerli bazara təsir edəcək? - Ekspert danışdı

Son aylarda bəzi ölkələrdə müşahidə olunan benzin qıtlığı qlobal yanacaq bazarında ciddi narahatlıq yaradıb. Təchizat zəncirində yaranan fasilələr, geosiyasi gərginliklər və neft emalı imkanlarındakı məhdudiyyətlər nəticəsində benzin qiymətlərində artım müşahidə olunur. Bu vəziyyət isə ənənəvi daxiliyanma mühərrikli avtomobillərdən istifadə edən sürücülərin xərclərini əhəmiyyətli dərəcədə artırır.
Mövzu ilə bağlı fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyev 1xeber.media-ya deyib ki, Azərbaycanda yaxın dövrdə benzin qıtlığının yaranacağı inandırıcı görünmür və hazırkı şəraitdə belə bir risk müşahidə olunmur:
“Benzin qıtlığı ilə bağlı səsləndirilən fikirlər daha çox müəyyən xarici bazarlarda yaşanan proseslərlə əlaqəlidir. Bu məsələ bir qədər qəliz və müəmmalıdır. Hazırda belə problemlər əsasən Rusiyada müşahidə olunur. Bunun da səbəbləri sırasında müharibə amili, eləcə də bəzi neft bazalarının hədəfə alınması göstərilir.  Azərbaycanda yanacaq təminatı baxımından ciddi narahatlıq doğuran vəziyyət yoxdur”. 
O bildirib ki, ölkədə elektrikli avtomobillərin sayı artsa da, bu seqment hələ bazarda tam dominant mövqeyə sahib deyil:
“Bir müddət elektrikli avtomobillərə maraq sürətlə artsa da, hazırda bazarda müəyyən sabitlik yaranıb: Bir ara elektrik maşınlarının satışı sürətlə artdı. Amma hazırda bazar müəyyən qədər doyub. Alıcı sayı əvvəlki qədər çox deyil. Benzin qıtlığının elektrikli və hibrit avtomobillərin qiymətlərinə təsiri daha çox yanacaq böhranı yaşayan ölkələrdə hiss oluna bilər. Bəzi Avropa ölkələrində alternativ yanacaq növlərindən istifadənin daha geniş yayılıb, həmin regionlarda avtomobil bazarındakı dəyişikliklərin fərqli dinamikaya malikdir. Avropada bir çox avtomobillər benzinlə deyil, qaz və digər alternativ yanacaq növləri ilə işləyir. Buna görə də oradakı bazar reaksiyası bizim regiondan fərqli ola bilər”, — deyə o vurğulayıb.

Aysel