"Hesab edirəm ki, gənc ailələrə dövlət dəstəyi proqramlarının daha da genişləndirilməsi məqsədəuyğun olardı. Yeni ailə quran gənclərin ən ciddi problemlərindən biri mənzil məsələsidir".
1xeber.media xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Azər Badamov deyib. O bildirib ki, bu səbəbdən onların mənzil probleminin həlli üçün daha güzəştli şərtlərlə ipoteka kreditlərinin təqdim edilməsi imkanları genişləndirilə bilər:
"Eyni zamanda, gənc ailələrin mənzil əldə etməsini asanlaşdırmaq üçün ilkin ödənişlə bağlı müəyyən güzəştlərin tətbiqi, faiz dərəcələrinin aşağı salınması və uzunmüddətli kredit imkanlarının artırılması da nəzərdən keçirilməlidir. Xüsusilə regionlarda yaşayan və ailə quran gənclər üçün ayrıca dəstək mexanizmlərinin yaradılması faydalı ola bilər. Bundan başqa, yeni ailə quran gənclərin stimullaşdırılması məqsədilə müəyyən sosial proqramlar çərçivəsində birdəfəlik dövlət yardımlarının verilməsi məsələsinə də baxmaq mümkündür. Lakin burada əsas məsələ yalnız birdəfəlik maliyyə yardımı göstərmək deyil. Daha vacibi gənc ailələrin uzunmüddətli dövrdə özlərini sosial və iqtisadi baxımdan təhlükəsiz hiss etmələri üçün şərait yaratmaqdır.
Təbii ki, bütün bu dəstək tədbirləri dövlətin büdcə imkanları və gəlirləri çərçivəsində həyata keçirilməlidir. Lakin yeni ailə qurmuş gənclərin sosial-məişət problemlərinin həlli üçün kompleks və davamlı dəstək mexanizmlərinin hazırlanması onların ailə qurmağa və gələcəkdə daha çox uşaq sahibi olmağa marağını artıra bilər. Əslində, demoqrafik siyasət yalnız doğum səviyyəsinin artırılmasına yönəlməməlidir. Bunun üçün gənclərin məşğulluğu, gəlirləri, mənzil təminatı, təhsil imkanları, uşaq baxımı və ailələrin sosial müdafiəsi kimi məsələlər bir-biri ilə əlaqəli şəkildə həll edilməlidir. Çünki gənc ailə öz gələcəyini daha təhlükəsiz və təminatlı gördükdə həm ailə qurmaq, həm də övlad sahibi olmaq qərarını daha inamlı şəkildə verə bilər".
Deputat qeyd edib ki, gənclərin evlənmə yaşı son 20-30 illə müqayisədə kifayət qədər artıb: "Əvvəllər gənclər əsasən, 25 yaşına qədər ailə qururdularsa, indi bir çox hallarda 28-30 yaş və daha sonrakı dövrdə evlilik haqqında düşünməyə başlayırlar. Bu, yalnız ölkəmizlə bağlı məsələ deyil, qlobal çağırışlardan biridir. Müasir dövrdə gənclər ailə qurmazdan əvvəl bir neçə mərhələni keçməyə çalışırlar. Onlar daha uzun müddət təhsil almaq, peşə sahibi olmaq, sabit gəlirli iş tapmaq, mənzil əldə etmək və müəyyən maddi təminata sahib olmaq istəyirlər. Bütün bunlar isə təbii olaraq ailə qurma yaşının yüksəlməsinə səbəb olur. Düşünürəm ki, ailə qurmaq üçün bütün problemlərin tam həll olunmasını gözləmək düzgün yanaşma deyil. Çünki nikah yaşının yüksəlməsi birbaşa demoqrafik proseslərə təsir edir. Gec yaşda qurulan ailələrdə bir qayda olaraq uşaqların sayı daha az olur. Bu isə nəticə etibarilə əhalinin təbii artım tempinin aşağı düşməsinə təsirsiz ötüşmür. Ona görə də burada əsas məqsəd gəncləri sadəcə daha tez evlənməyə təşviq etmək yox, onların ailə qurması üçün əlverişli sosial-iqtisadi mühit yaratmaq olmalıdır. Gənc öz gələcəyinə əmin olduqda, sabit iş və gəlir imkanına, yaşayış şəraitinə malik olduqda ailə qurmaq qərarını daha rahat verə bilər".
Qeyd edək ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci yarısında 19 224 nikaha daxilolma qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,9-dan 3,8-ə enib.