Вернуться назад Распечатать

Kit Kelloq Odessaya səfər edib – Limanların fəaliyyəti müzakirə olunub

1xeber.media xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi general Kit Kelloq Odessaya səfər edib.

Səfər çərçivəsində Kelloq Ukraynanın Aqrar Siyasət və Ərzaq naziri Taras Vısotski, Odessa Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper və Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neyjpapı ilə görüşüb.

Görüşlərdə Rusiya Silahlı Qüvvələrinin kütləvi zərbələri fonunda Odessa limanının fəaliyyəti və Ukraynadan taxıl ixracının imkanları müzakirə olunub.

Tərəflər həmçinin Odessa vilayətində liman infrastrukturunun bərpası və ABŞ-Ukrayna İnvestisiya Bərpası Fondu çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Ukrayna İnfrastruktur nazirinin müavini Sergey Derkaç bildirib ki, ABŞ nümayəndələrinin Ukrayna limanlarının mövcud şəraitdə necə fəaliyyət göstərdiyini yerində görməsi mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, daha əvvəl Ukrayna Beynəlxalq Ticarət Palatasının Milli Komitəsinin rəhbəri Vladimir Şçelkunov Qara dənizdə limanların blokadaya alınmasının ölkə iqtisadiyyatına ciddi zərbə vura biləcəyini açıqlamışdı. Onun hesablamasına görə, belə bir blokada Ukraynanın ÜDM-nin 10 faizini itirməsinə səbəb ola bilər.