Barəsində rayon prokurorluqlarında cinayət işi üzrə araşdırma aparıldığı bildirilən Seymur Məmmədov hansı klinikalarda qanunsuz estetik əməliyyatlarını davam etdirir?
Bir neçə gün əvvəl Kəpəz Hospitalda Almaniya vətəndaşı, Türkiyə əsilli Tulin Turpun keçirdiyi plastik əməliyyatdan sonra vəfat etməsi barədə məlumat yayılıb. KİV-də yayılan məlumatlara görə, əməliyyatı estetik cərrahiyyə fəaliyyəti üzrə sertifikatının ləğv edildiyi bildirilən həkim Seymur Məmmədov həyata keçirib.Bu məsələ artıq yalnız bir şəxsin peşə fəaliyyəti ilə bağlı deyil. Burada daha ciddi sual yaranır: estetik tibbi fəaliyyət üçün müvafiq sertifikatı olmayan həkim necə əməliyyat həyata keçirə bilib?
Məsələnin daha da ciddiləşməsinin səbəbi isə ötən il yayılan digər rəsmi məlumatlardır.İctimaiyyətə məlum olan məlumatlara əsasən, ötən ilin mart ayında Pərvanə Mirzəyeva, avqust ayında isə Nilufər Abdulla estetik əməliyyatdan sonra vəfat edib. Hər iki əməliyyat Seymur Məmmədov tərəfindən həyata keçirilib. Tulin Turpun ölümü isə, artıq üçüncü ölüm hadisəsi barədə ciddi araşdırma zərurətindən gedə bilər.Burada ən vacib məsələ ittiham irəli sürmək deyil.Əsas məsələ budur: bu ölümlərin hər biri üzrə tibbi ekspertiza hansı nəticəyə gəlib?
Redaksiyamıza daxil olan digər məlumata görə, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Komisyon Ekspertizalar şöbəsinin rəisi Cavid Cahangirovun da bu məsələlərlə bağlı adı hallanır. İddialara görə, Cavid Cahangirov Seymur Məmmədova yaxın şəxslərdən biri hesab olunur və onun bir sıra işlərinə dəstək verdiyi bildirilir.
Cavid Cahangirovun Seymur Məmmədovla hər hansı əlaqəsinin olub-olmaması, ekspertiza proseslərində hansı rolu oynadığı və hər hansı təzyiq və ya müdaxilənin baş verib-vermədiyi müvafiq qurumlar tərəfindən aydınlaşdırılmalıdır. Digər mühüm iddia isə Seymur Məmmədovun sertifikat məsələsinə baxmayaraq estetik əməliyyatları müxtəlif klinikalarda bu gündə davam etdirməsi ilə bağlıdır. Estetik cərrahiyyə fəaliyyəti üçün sertifikatı ləğv edilmiş Seymur Məmmədov,başqa klinikada hansı hüquqi əsasla əməliyyat həyata keçirə bilər? Klinikalar belə bir həkimlə hansı əsasla əməkdaşlıq edir? Onun həmin tibb müəssisələrində əməliyyat aparmasına kim icazə verir? Əməliyyatlar klinikanın rəsmi sənədlərində qeydiyyata alınırmı? Həkimlə tibb müəssisəsi arasında əmək müqaviləsi və ya digər hüquqi əsas mövcuddurmu? İctimaiyyətin cavab gözlədiyi suallar kifayət qədərdir:Cavid Cahangirovun həmin ekspertizalarda rolu nə olub?
Ekspertiza nəticələrinə hər hansı müdaxilə və ya təzyiq göstərilməsi barədə araşdırma aparılıbmı?
Sertifikatı ləğv edilmiş həkimin əməliyyat aparmasına şərait yaradan klinikalar hansılardır? Bu sualların cavabı yalnız bir həkimin deyil, səhiyyə sistemində nəzarət mexanizmlərinin işləyib-işləmədiyinin göstəricisi olacaq. Məsələ susmaqla bağlanacaq məsələ deyil. Söhbət insan həyatından, tibbi məsuliyyətdən və ictimai nəzarətdən gedir. Redaksiyamız araşdırmanı davam etdirir.
Qanunsuz əməliyyatların hansı klinikalarda aparıldığı barədə məlumatları yaxın günlərdə ictimaiyyətə açıqlayacağıq.Xatırladaq ki, Nilufər Abdullanın ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda aparılan istintaq işi hələ tamamlanmayıb. Bu isə həmin ölüm hadisəsinin səbəbləri və tibbi müdaxilənin nəticələri ilə bağlı yekun hüquqi qiymətin hələ verilmədiyini göstərir.Almaniya vətəndaşı, Türkiyə əsilli Tulin Turpun ölümü ilə bağlı isə Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanıldığı bildirilir.
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatvaz.com