Çin Cənubi Çin dənizində mübahisəli ərazi hesab olunan Parasel adaları arxipelaqındakı Antilop rifində süni adanın tikintisinin ilk mərhələsini başa çatdırıb.
1xeber.media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, ən azı altı ay davam edən işlər nəticəsində ərazidə təxminən 600 hektar yeni quru sahəsi yaradılıb. Yeni adanın uzunluğu təxminən 6 kilometrdir.
Adanın cənub-şərq hissəsində artıq müxtəlif binaların və helikopter meydançasının tikintisinə başlanılıb. Dərin sulu limana 680 metr uzunluğunda körpü də inşa edilib. Ərazidə Çin sahil mühafizəsinə məxsus gəmilərin olduğu müşahidə olunub.
Analitiklərin fikrincə, adanın şimal-qərb hissəsində aparılan torpaq işləri gələcəkdə uçuş-enmə zolağının inşasına hazırlıq ola bilər.
Açıq məlumat platforması PLATracker-in təsisçisi Ben Luis hesab edir ki, Antilop rifi Çinin Cənubi Çin dənizindəki ən mühüm hərbi obyektlərindən birinə çevrilə bilər. Onun ölçülərinin yaxınlıqdakı Vudi adasından daha böyük olduğu bildirilir.
Ekspertlər yeni obyektin Çinin regiondakı ən böyük hərbi bazasının bir hissəsi ola biləcəyini və ABŞ və müttəfiqlərinin hərbi-dəniz qüvvələrinin hərəkətlərini izləmək imkanlarını gücləndirəcəyini düşünürlər. Analitiklər həmçinin obyektin Tayvan ətrafında gələcək mümkün münaqişə zamanı strateji əhəmiyyət daşıya biləcəyini qeyd edirlər.
Pekin isə rəsmi olaraq ərazidə hərbi baza tikildiyini təsdiqləmir. Çin rəsmiləri və dövlət mediası obyektin hava şəraitinin proqnozlaşdırılması, təbii fəlakətlərə cavab, dəniz elmi araşdırmaları və gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadə olunacağını bildirirlər.
Qeyd edək ki, Parasel adaları, o cümlədən Antilop rifi üzərində Vyetnam da ərazi iddiası irəli sürür və arxipelaq üzərində tarixi hüquqlarının olduğunu dəfələrlə bəyan edib.