Вернуться назад Распечатать

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı ilə bağlı - Səfirlikdən açıqlama-Yenilənib

Rusiyanın Kamçatka yarımadasında Ploski Tolbaçik vulkanında bir qrup turist avtomobilləri ilə yolda qalıblar.

1xeber.media Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb güclü yağışlar səbəbindən yolun tamamilə dağılması olub.

Çətin vəziyyətdə qalan turistlər arasında Tatyana Dolivets adlı Azərbaycan vətəndaşı da var. Bu barədə sözügedən qadın instaqram hesabında paylaşım edib.

Onun sözlərinə görə, 16 nəfərlə birlikdə hazırda “Ural” markalı avtomobildə köməksiz qalıblar.

T. Dolivets həmçinin cəmi 1 günlük qida ehtiyatlarının qaldığını vurğulayıb.

***

T. Dolivets sosial şəbəkədə yeni paylaşım edərək xilas edildiklərini və təhlükəsiz yerə təxliyə olunduqlarını açıqlayıb:

“Dəstəyə görə hamıya təşəkkürlər! Biz artıq isti yerdəyik. Qızınmaq üçün kiçik evimiz var, isti yataq kisələri və çadırlarla təmin olunmuşuq. Axşam yeməyi üçün isə bizə başqa düşərgədən yemək göndəriblər”.

***

Rusiyanın Kamçatka yarımadasındakı təbii park ərazisində yolların dağılması səbəbindən köməksiz qalan turistlərin tam təhlükəsizlikdə olduğu və zəruri vasitələrlə təmin edildiyi açıqlanıb.

Bu barədə “Kamçatskiy kray” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, “Kamçatka Vulkanları” təbii parkında qalan tur qruplarının vəziyyəti rəsmi qurumların və turizm assosiasiyasının nəzarəti altındadır.

Bildirilib ki, “Visidenye Kamçatki” şirkətinin iki qrupu da daxil olmaqla, ərazidə qalan turistlərin ərzaq ehtiyatları tam kifayət qədərdir. Təbii parkda ehtiyac yaranacağı təqdirdə digər səyahətçiləri də ərzaqla təmin etmək üçün ehtiyatlar mövcuddur.

“Kamçatka Turizm Sənayesi Assosiasiyası”nın İdarə Heyətinin sədri Elena Lassal bildirib ki, turistlər sobalarla təchiz olunmuş isidilən çadırlarda yerləşdiriliblər:

“Turistlər ərzaqla təmin olunublar, onlar üçün zəruri məişət şəraiti, o cümlədən duş yaradılıb. İnsanlar istilikdə və rahat şəraitdədirlər”.

Hazırda ərazidə alternativ yolun təşkil olunması imkanları nəzərdən keçirilir. Günün qaranlıq saatlarında zəruri işlərin aparılması və insanların aviasiya vasitəsilə təxliyəsi məhdudlaşdırıldığı üçün yolun bərpası işlərinə səhər saatlarından başlanılması planlaşdırılır.

***

Rusiya Federasiyasının Kamçatka yarımadasında Tolbaçik vulkanına səyahət edən Azərbaycan Respublikasının vətəndaşı Tatyana Dolivetsin daxil olduğu müxtəlif ölkələrin vətəndaşlarından ibarət turist qrupunun əlverişsiz hava şəraiti nəticəsində çətin vəziyyətlə üzləşdiyi barədə məlumat daxil olan kimi, Rusiya Federasiyasındakı Səfirliyimiz və Yekaterinburqdakı Baş Konsulluğumuz tərəfindən yerli aidiyyəti qurumlarla əlaqə yaradılıb.

Bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyi məlumat verilib.

Bildirilib ki, eyni zamanda, Kamçatkada fəaliyyət göstərən Azərbaycan icmasının nümayəndələri ilə əlaqə saxlanılıb və vəziyyətin operativ şəkildə öyrənilməsi və zəruri tədbirlərin əlaqələndirilməsi istiqamətində iş aparılır: 

“Tatyana Dolivetsin sosial media hesabında yaydığı məlumata əsasən, turist qrupu Kamçatkanın Tolbaçik vulkanı istiqamətində səyahət edərkən onların hərəkət etdiyi yol güclü yağışlar və çayın məcrasından çıxması nəticəsində sel suları altında qalıb. Təxminən 30 kilometrlik yolun yuyulması səbəbindən qrupun geri qayıtması hazırda mümkün deyil. 

Qeyd edək ki, hazırda Kamçatka diayırının aidiyyəti dövlət qurumları turist qrupu ilə peyk rabitəsi vasitəsilə əlaqə saxlayır və vəziyyət nəzarətə götürüb. 

Son günlər bölgədə müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən turistlərin təxliyəsi məqsədilə hava nəqliyyatından, o cümlədən helikopterdən istifadə imkanları məhdudlaşıb.

Bununla belə, qrupla əlaqənin saxlanılması, onların vəziyyəti barədə mütəmadi məlumat əldə edilməsi və hava şəraiti imkan verən kimi təhlükəsiz ərazidən təxliyələrinin təmin olunması istiqamətində zəruri tədbirlər görülür.

Azərbaycan Respublikasının Səfirliyi və Yekaterinburqdakı Baş Konsulluğu məsələni diqqətdə saxlayır və Rusiya Federasiyasının aidiyyəti qurumları, habelə Kamçatkadakı Azərbaycan icması ilə əlaqələndirilmiş şəkildə vəziyyəti yaxından izləyir”.