Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli
İnformasiya Agentliyinə (UzA) müsahibəsi bir çox baxımdan diqqət çəkib.
Ümumiyyətlə, müsahibənin ayrı-ayrı hissələrinə diqqətlə baxdıqda, Bakının Daşkəndlə
münasibətlərə yalnız ikitərəfli əlaqələr kontekstində deyil, daha geniş regional və geosiyasi
baxımdan yanaşdığı görünür.
Ölkə başçısı müsahibədə qeyd edib ki, “Dövlətlərarası münasibətlər son illər misli görünməmiş
inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksəlib və
tamamilə yeni məzmun qazanıb.”
Özbəkistan Türkiyədən sonra Azərbaycanın ikinci rəsmi səviyyədə tanınan və elan edilmiş
müttəfiqidir. İki ölkə münasibətləri son illərdə iqtisadiyyat, investisiya, nəqliyyat, enerji, sənaye
və təhlükəsizlik kimi daha praktik istiqamətlərdə inkişaf edir. Azərbaycan-Özbəkistan
münasibətlərində son illərdə imzalanan sənədlər, Ali Dövlətlərarası Şuranın yaradılması və
qarşılıqlı səfərlərin intensivliyi də bunu sübut edir.
Müsahibədə Prezident İlham Əliyev Şavkat Mirziyoyevlə şəxsi münasibətlərinə də xüsusi yer
verib. Bildirib ki, “Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat
Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və
etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin
hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır.”
Ümumiyyətlə, Azərbaycan və Özbəkistan münasibətlərində liderlərarası dialoq xüsusilə diqqət
çəkir. İki ölkə başçısının şəxsi dostluq əlaqələri siyasi qərarların sürətli qəbulunda və yeni
layihələrin irəli sürülməsində mühüm rol oynayır. Xüsusilə Mərkəzi Asiyada yeni geosiyasi və
iqtisadi reallıqların formalaşdığı bir vaxtda Bakı üçün Daşkənd etibarlı tərəfdaşdır. Eyni
zamanda, Özbəkistan da Azərbaycanı Xəzərdən Qərbə çıxış imkanları baxımından mühüm
tərəfdaş kimi görür.
Müsahibədə iqtisadi münasibətlərlə bağlı açıqlanan rəqəmlər də diqqət çəkir. 2025-ci ildə iki
ölkə arasında ticarət dövriyyəsinin üç dəfədən çox artaraq 795 milyon dollara çatması, 2026-cı
ilin ilk beş ayında isə daha 33 faiz artım qeydə alınması iqtisadi münasibətlərin sürətlə
genişləndiyini göstərir.
Həqiqətən də, Azərbaycan və Özbəkistanın iqtisadi potensialları bir-birini tamamlayan
xüsusiyyətlərə malikdir. Buna görə də əsas məsələ ticarət dövriyyəsinin hansı həddə çatması
ilə yanaşı, bu artımın hansı sahələr hesabına formalaşması və iki ölkənin istehsal potensialının
bir-birinə nə qədər inteqrasiya olunmasıdır.
Bu baxımdan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti xüsusilə diqqət çəkir. 500 milyon
dollarlıq kapitalla yaradılmış bu struktur münasibətlərin sadəcə “alıcı-satıcı” modelindən
çıxarılaraq qarşılıqlı investisiya və istehsal əməkdaşlığına keçirilməsi baxımından
əhəmiyyətlidir.
Müsahibənin ən diqqətçəkən hissələrindən biri nəqliyyat və logistika ilə bağlıdır. Prezident
İlham Əliyevin sözlərinə görə, Azərbaycanın Cənubi Qafqazdakı, Özbəkistanın isə Mərkəzi
Asiyadakı mövqeyi onları “Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii
tərəfdaşlara” çevirir.
Azərbaycanın Orta Dəhlizdə artan rolu ilə Özbəkistanın Mərkəzi Asiyanın nəqliyyat
xəritəsindəki mövqeyi birləşdikdə, iki ölkə arasında münasibətlər ikitərəfli çərçivədən çıxaraq
daha geniş Avrasiya bağlantısının bir hissəsinə çevrilir.
Prezidentin “Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə
inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq” fikri də məhz bu
baxımdan diqqətəlayiqdir.
Söhbət Mərkəzi Asiyadan gələn yük axınlarının Azərbaycan üzərindən Qərbə çıxışının daha
da gücləndirilməsindən gedir. Bu isə Azərbaycanın tranzit ölkə kimi rolunu artırmaqla yanaşı,
Mərkəzi Asiya dövlətlərinin dünya bazarlarına çıxış imkanlarını da genişləndirə bilər.
Enerji əməkdaşlığında isə maraqlı dəyişiklik müşahidə olunur. Əvvəllər Azərbaycan-
Özbəkistan əlaqələrində əsas diqqət neft-qaz sektoruna yönəlirdisə, indi yaşıl enerji ayrıca
strateji istiqamətə çevrilir.
Azərbaycan, Qazaxıstan və Özbəkistanın “Yaşıl Dəhliz Birliyi”ni yaratması bu baxımdan
əhəmiyyətlidir. Burada məqsəd yalnız enerji istehsal etmək deyil, bərpaolunan enerjinin
regionlararası ötürülməsi üçün infrastruktur yaratmaqdır.
Bu layihə reallaşarsa, Azərbaycan Xəzər üzərindən Mərkəzi Asiyada istehsal olunan yaşıl
enerjinin Avropaya çatdırılmasında mühüm halqaya çevrilə bilər. Beləliklə, Azərbaycanın
tranzit potensialı yalnız neft, qaz və yük daşımaları ilə məhdudlaşmır; gələcəkdə elektrik
enerjisi də bu bağlantının mühüm hissəsinə çevrilə bilər.
Özbəkistanın Azərbaycandakı fəaliyyətinin digər mühüm tərəfi işğaldan azad edilmiş ərazilərlə
bağlıdır. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi, “Dostluq bağı”nın salınması və digər
layihələr iqtisadi əhəmiyyətindən daha çox siyasi və mənəvi məna daşıyır.
Prezidentin “Bu nəcib təşəbbüsə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti
işlərinə göstərilən dəstəyə görə bütün Özbəkistan xalqına və şəxsən Prezident Şavkat
Mirziyoyevə səmimi minnətdarlığımızı bildiririk” sözləri də bunu göstərir.
Daşkənd bununla Azərbaycanın ərazi bütövlüyünə verdiyi siyasi dəstəyi praktik addımlarla
müşayiət etmiş olur. Bakı üçün isə bu, xüsusilə vacibdir. Çünki müharibədən sonra
Azərbaycanın əsas məqsədlərindən biri yalnız əraziləri bərpa etmək deyil, həmin əraziləri
regional əməkdaşlığın yeni məkanına çevirməkdir.
Müsahibədən görünən əsas nəticə də budur: Azərbaycan və Özbəkistan artıq sadəcə bir-birinə
yaxın iki türk dövləti kimi deyil, dəyişən Avrasiya geosiyasi və iqtisadi xəritəsində bir-birinin
imkanlarını tamamlayan tərəfdaş, qardaş və müttəfiq ölkədir.
Hüseyn Ağayev,
Sabirabad Dövlət Sosial İqtisad Kollecinin tələbəsi