Вернуться назад Распечатать

Kamçatkada Tolbaçik vulkanı yaxınlığında qalan turistlərin təxliyəsinə başlanılıb

Kamçatkada güclü yağışlar səbəbindən Tolbaçik vulkanı ərazisində qalan turistlərin təxliyəsinə başlanılıb.

1xeber.media Kamçatka diyarı hökumətinə istinadla xəbər verir ki, turistlərin helikopterlərlə təxliyəsi “Ölü meşə” (“Мертвый лес”) meydançasından həyata keçiriləcək. İnsanların buradan hava nəqliyyatı ilə avtomobil yoluna, daha sonra isə avtobuslarla Petropavlovsk-Kamçatskiyə çatdırılması planlaşdırılır.

Hazırda 79 turist qrup şəklində “Kleşnya” ərazisindən piyada “Ölü meşə” meydançasına doğru hərəkət edir.

Turistlərin Krapivnaya yol ayrıcından Petropavlovsk-Kamçatskiyə daşınması üçün üç avtobus göndərilib. Ümumilikdə 115-dək insanın təxliyə edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, vulkan ərazisində qalan turistlər arasında Azərbaycan vətəndaşı Tatyana Dolivets, eləcə də Rusiya, Çin, Belarus və İsrail vətəndaşları var.

Daha əvvəl Azərbaycanın Rusiyadakı səfirliyi və ölkəmizin Yekaterinburqdakı Baş Konsulluğu müvafiq yerli qurumlarla, eləcə də Kamçatkada fəaliyyət göstərən Azərbaycan icmasının nümayəndələri ilə əlaqə yaradıb və vəziyyəti diqqətdə saxlayır.

Turistlər güclü yağışlardan sonra çayın məcrasından çıxması nəticəsində nəqliyyat əlaqəsindən məhrum olublar. Daşqın nəticəsində yolun təxminən 30 kilometrlik hissəsi yuyulub.