Вернуться назад Распечатать

Azərbaycan-Özbəkistan əməkdaşlığı Mərkəzi Asiya və Cənubi Qafqazda yeni imkanlar yaradır

Bu gün Azərbaycan nəinki Cənubi Qafqazın lider dövləti, eyni zamanda, Türk dünyasının aparıcı ölkələrindən biri kimi beynəlxalq münasibətlər sistemində mühüm mövqeyə malikdir. Ölkəmizin son illərdə qazandığı uğurların əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl, məqsədyönlü və milli maraqlara söykənən siyasət dayanır. Bu siyasət Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, regional mövqelərinin möhkəmlənməsinə və Türk dünyasının inteqrasiya proseslərinə verdiyi töhfələrin genişlənməsinə şərait yaradıb.

1xeber.media xəbər verir ki,bu fikirləri AZƏRTAC-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.

“Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır və biz başqa yerdə ailə axtarmamalıyıq. Məhz bu yanaşmadan çıxış edən Azərbaycan son illərdə, xüsusilə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra Türk dünyasının birlik və inteqrasiyasının daha da möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atır. Ölkəmizin bu sahədə həyata keçirdiyi təşəbbüslər Türk dövlətləri arasında həmrəyliyin güclənməsinə və qarşılıqlı əməkdaşlığın yeni səviyyəyə yüksəlməsinə mühüm töhfə verir”, - deyə Nadir Azəri vurğulayıb.

Siyasi şərhçi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birinin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin daha da dərinləşdirilməsi olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan regionun bütün ölkələri ilə ikitərəfli münasibətlərini uğurla inkişaf etdirir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində tamhüquqlu iştirakı isə ölkəmizin regionla əlaqələrə verdiyi strateji əhəmiyyətin mühüm göstəricilərindən biridir.

Nadir Azəri Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində də bu məsələyə xüsusi diqqət yetirildiyini bildirib: “Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərində tamhüquqlu iştirakına Özbəkistanın sədrliyi dövründə göstərilən dəstək iki ölkə arasında strateji tərəfdaşlığın regional müstəvidə də mühüm nəticələr verdiyini nümayiş etdirir. Azərbaycanın bu formata qoşulması əvvəllər “C5” kimi tanınan əməkdaşlıq mexanizminin faktiki olaraq “C6” formatına çevrilməsinə səbəb olub. Bu isə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi dialoq və qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar açır. Bu prosesdə Azərbaycan–Özbəkistan münasibətlərinin xüsusi yeri var. Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm nəqliyyat və enerji bağlantılarının formalaşdığı coğrafiyada yerləşir. Özbəkistan isə Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri olaraq regiondaxili proseslərdə mühüm rol oynayır. Bu baxımdan iki ölkənin əməkdaşlığı yalnız ikitərəfli münasibətlər üçün deyil, daha geniş regional əlaqələrin inkişafı baxımından da əhəmiyyətlidir”.

O, iki qardaş ölkənin beynəlxalq məsələlərdə bir-birinə verdiyi siyasi dəstəyin də xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, Azərbaycan və Özbəkistanın müxtəlif beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığı qarşılıqlı maraqların müdafiəsinə, təşəbbüslərin dəstəklənməsinə və regional sabitliyin möhkəmləndirilməsinə xidmət edir. Prezident İlham Əliyevin müsahibəsində iki ölkənin BMT, İƏT, TDT, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığının vurğulanması da bunun göstəricisidir.

“Azərbaycan-Özbəkistan əməkdaşlığı artıq yalnız iki ölkə arasındakı münasibətlər çərçivəsində qiymətləndirilə bilməz. Bu tərəfdaşlıq Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin genişlənməsinə, Orta Dəhlizin potensialının artırılmasına, nəqliyyat və iqtisadi bağların möhkəmlənməsinə, eləcə də regionlararası əməkdaşlığın yeni mexanizmlərinin formalaşmasına xidmət edir”, – deyə siyasi şərhçi vurğulayıb.