Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin bugünkü səviyyəsini və gələcək inkişaf istiqamətlərini əhatə edən mühüm siyasi mesajlarla zəngindir. Müsahibədə səsləndirilən fikirlər bir daha göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq yalnız ikitərəfli əlaqələr müstəvisində qiymətləndirilə bilməz. Bu münasibətlər ortaq tariximizə, dilimizə, mədəniyyətimizə və mənəvi dəyərlərimizə söykənən, eyni zamanda, regional və qlobal proseslərə təsir imkanları artan strateji müttəfiqlik münasibətləridir.
1xeber.media xəbər verir ki.bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Onun sözlərinə görə, son illərdə Azərbaycan və Özbəkistan arasında əlaqələrin sürətli inkişafı, ilk növbədə, dövlət başçılarının siyasi iradəsinin və qarşılıqlı etimadının nəticəsidir. Prezident İlham Əliyev ilə Prezident Şavkat Mirziyoyev arasındakı səmimi dostluq və qarşılıqlı hörmət iki ölkə arasındakı münasibətlərin bütün sahələr üzrə inkişafına mühüm impuls verir. 2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana, 2025-ci ildə isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri və həmin səfərlər çərçivəsində imzalanmış mühüm sənədlər münasibətlərimizin siyasi və hüquqi əsaslarını daha da möhkəmləndirib. Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamənin və Müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması iki ölkənin gələcəyə baxışının nə qədər yaxın olduğunu nümayiş etdirir. 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura isə bu münasibətlərin institusional əsaslarını gücləndirən mühüm mexanizmə çevrilib. Bu platforma qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və uzunmüddətli strateji layihələrin əlaqələndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
“Xüsusilə nəqliyyat və logistika sahəsində əməkdaşlığımızı strateji əhəmiyyət daşıyan istiqamət kimi qiymətləndirirəm. Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada mühüm geosiyasi və iqtisadi mövqeyə malikdir. Bu baxımdan iki ölkənin nəqliyyat imkanlarının birləşdirilməsi Şərqlə Qərb arasında yeni bağlantıların formalaşmasına ciddi töhfə verə bilər. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə əlaqələndirilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq yalnız nəqliyyat marşrutlarının genişləndirilməsi anlamına gəlmir. Eyni zamanda, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin qlobal iqtisadi və logistika xəritəsində rolunun daha da güclənməsi deməkdir. Enerji sahəsində əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyması da xüsusi qeyd olunmalıdır. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerji sahəsində həyata keçirilən birgə təşəbbüslər regionun böyük bərpaolunan enerji potensialının reallaşdırılması üçün mühüm imkanlar açır. Azərbaycan burada yalnız enerji istehsalçısı və ixracatçısı kimi deyil, həm də yaşıl enerjinin regional və beynəlxalq bazarlara çıxarılmasında mühüm tərəfdaş kimi çıxış edir”, - deyə deputat əlavə edib.
Azərbaycan–Özbəkistan münasibətlərinin beynəlxalq və regional təşkilatlar çərçivəsindəki əməkdaşlığından danışan F.Yıldırım bildirib ki, burada mühüm istiqamətlərdən biri Türk dünyasının birliyinin gücləndirilməsidir. Hər iki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlığı ortaq tariximizin, mədəniyyətimizin və mənəvi dəyərlərimizin siyasi və iqtisadi əməkdaşlıqla tamamlanmasına xidmət edir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları arasında Məşvərət görüşlərində iştirakının təmin olunması isə ölkəmizin regionla əlaqələrində yeni mərhələnin göstəricisidir. “C5+Azərbaycan” formatının formalaşması Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin strateji əhəmiyyətini və ölkəmizin regional əməkdaşlıqdakı artan rolunu bir daha nümayiş etdirir. Bütün bunlar onu göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri çoxşaxəli və uzunmüddətli inkişaf modelinə çevrilib. Siyasi dialoq, iqtisadiyyat, investisiya, nəqliyyat, enerji, təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın paralel şəkildə inkişaf etməsi bu münasibətlərin möhkəm və davamlı xarakter daşıdığını göstərir.
“Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin ən böyük gücü qarşılıqlı etimad və ortaq strateji baxışdır. Formalaşan müttəfiqlik münasibətləri yalnız dövlətlərimizin deyil, xalqlarımızın da gələcək rifahına xidmət edən mühüm siyasi sərvətdir. Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan–Özbəkistan qardaşlığı əldə olunmuş nəticələrlə kifayətlənmir. Qarşıda daha böyük layihələr, daha geniş əməkdaşlıq imkanları və Türk dünyasının birliyinə xidmət edən yeni təşəbbüslər var. Azərbaycan və Özbəkistan arasında strateji müttəfiqlik münasibətləri bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək, iki qardaş ölkənin regional və beynəlxalq müstəvidə birgə imkanlarını daha da genişləndirəcək. Bu qardaşlıq həm xalqlarımızın rifahına, həm Türk dünyasının birliyinə, həm də regionda sülh, sabitlik və davamlı inkişafın möhkəmlənməsinə mühüm töhfə verəcək”, - deyə o vurğulayıb.