Bildiyimiz kimi, Azərbaycan-Özbəkistan münasibətləri artıq strateji müttəfiqlik xarakteri daşıyır. 2022-ci ildən, prezidentlərin ilk təmaslarından sonra Özbəkistan-Azərbaycan münasibətləri yeni mərhələyə, yeni səviyyəyə qədəm qoydu.
1xeber.media xəbər verir ki, bu fikirləri Daşkənddə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
H.Hacıyev qeyd edib ki, həmin dövrdən bəri iki dövlət arasındakı münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəlib, indi isə əbədi dostluq münasibətləri xarakteri daşıyır. Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir və biz belə bir addımı ilk dəfə Özbəkistanla atırıq.
Xalqlarımızın onsuz da əbədi dost olduqlarını, Azərbaycanla Özbəkistan arasında tarixi bağlantıların mövcudluğunu xatırladan Prezidentin köməkçisi deyib: “Biz bunu hətta Əlişir Nəvainin, digər özbək ədiblərin əsərlərində, həmçinin xalqlarımızı birləşdirən başqa ədəbi əsərlərdə və dostluq münasibətlərində görə bilərik. Xalqlarımızın iradəsindən, ortaq tariximizdən, mədəni köklərimizdən irəli gələrək bu səfər çərçivəsində dövlət başçıları tərəfindən əbədi dostluq münasibətləri haqqında sənəd imzalanacaq. Başqa sözlə desək, yəni artıq de-fakto, tarixə əsaslanan Azərbaycan-Özbəkistan əbədi dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır”.