Azərbaycanın dünyanın əksər dövlətləri ilə ikitərəfli münasibətləri onun dünyəvi siyasi
nüfuzunun səviyyəsinin göstəricisidir. Bu münasibətlər sosial həyatın əksər sahələrini əhatə
etdiyinə görə siyasi münasibətlər müstəvisində qarşılıqlı iqtisadi inkişafın zəmanətinin tərkib
hissələrindən biri olub. Azərbaycanın türkdilli dövlətlərlə münasibətləri daha dinamikdir, daha
həssasdır, təkcə siyasi baxımdan deyil, həm də milli çalarlar baxımından. Azərbaycanla
Özbəkistan arasında münasibətlər də məhz bu ülgüdə inkişaf edib, inkişaf etməkdədir.
Azərbayan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya
Agentliyinə verdiyi müsahibə də bunun təsdiqidir.
Azərbaycanla Özbəkistan arasında münasibətlərin dərin qarşılıqlı rəqabətə əsaslandığını, bu
iki dövlət arasında ortaq tarixin, mədəniyyətin, mənəvi dəyərlərin olduğunu, bu münasibətlərin
son illərdə yüksək inkişaf səviyyəsinə çatdığını xatırladan dövlət başçımız bu iki dövlət
arasında siyasi dialoqun da yüksək səviyyədə olduğunu bildirərək dedi: “2024-cü ilin
avqustunda mənim Özbəkistana dövlət səfərim, 2025-ci ilin iyulunda isə Özbəkistan
Prezidentinin Azərbaycana dövlət səfəri oldu. Bu ikitərəfli səfərlər zamanı imzalanan çoxsaylı
sənədlər, xüsusən “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik
münasibətləri haqqında Müqavilə” iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii
müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi. Bu sənədlər ölkələrimiz arasında əlaqələrin hüquqi
və siyasi əsaslarını daha da gücləndirdi və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni
imkanlar açdı”.
Dövlət başçımız müsahibəsində ötən illərdə Azərbaycanla Özbəkistan arasında davam etmiş
münasibətlərin coğrafiyasını da xatırlatdı, bu xatırlatma ehtiram idi, tərəfdaşlığın daha da
yüksəlişinin inamı idi. İkitərəfli münasibətlər üçün belə bir tərəfdaşlıq həmişə böyük uğurlar
deməkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində qürurla
bu məqamdan da söz açdı: “ 2023-cü ilin avqust ayında təsis edilmiş Ali Dövlətlərarası Şura
Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin
dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrildi. Bu platforma ölkələrimiz
arasında uzunmüddətli əməkdaşlıq prioritetlərini müəyyənləşdirməyə, yeni təşəbbüslərin
təşviqinə və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin səmərəli şəkildə əlaqələndirilməsinə xidmət
edir. Şuranın artıq Daşkənddə və Bakıda keçirilən iki iclası Azərbaycan-Özbəkistan
münasibətlərinin yüksək inkişaf tempini, siyasi dialoqun ardıcıllığını və ölkələrimizin
perspektivə hesablanmış birgə fəaliyyət əzmini nümayiş etdirir. Bu gün siyasi münasibətlərimiz
iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm,
mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da
zənginləşir. Həyata keçirilən layihələr ölkələrimizin iqtisadi potensialını birləşdirməklə yanaşı,
xalqlarımız arasında dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir. Əminəm ki,
qarşıdakı səfər də ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, yeni
birgə təşəbbüslərin həyata keçirilməsi və müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi
nöqteyi-nəzərindən böyük əhəmiyyətə malik olacaq”.
Üç il əvvəl 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-
Özbəkistan İnvestisiya Şirkətinin ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün
mühüm platformaya çevrildiyini, Hökumətlərarası Komissiyanın iqtisadi, ticari, investisiya və
digər sahələrdə əlaqələrin inkişafında mühüm rol oynadığını, Özbəkistanın OZLITINEFTGAZ
institutu ilə “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan “Neftegaztexnologiya” birgə
müəssisəsinin 2016-cı ildən bəri neft-qaz sahəsində uğurla fəaliyyət göstərdiyini, xalqlarımızın
qarşılıqlı səyləri və dövlətlərimizin birgə dəstəyi sayəsində son illərdə mədəni-humanitar
əlaqələrin uğurla inkişaf etdiyini, ... bildirən dövlət başçımız dedi ki, “Azərbaycan ilə Özbəkistan
arasında ortaq köklərə, dil və mədəni yaxınlığa, əsrlər boyu formalaşan mənəvi dəyərlərə
əsaslanan mədəni və humanitar əməkdaşlıq münasibətlərin ayrılmaz və vacib sahəsidir. Bu
sahədə həyata keçirilən əməkdaşlıq xalqlarımız arasında qarşılıqlı anlaşmanın, etimadın,
dostluğun və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verir, humanitar
əlaqələri yeni məzmunla zənginləşdirir. Xalqlarımızın qarşılıqlı səyləri və dövlətlərimizin birgə
dəstəyi sayəsində son illərdə mədəni-humanitar əlaqələr uğurla inkişaf edir. Birgə keçirilən
mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi nəşrlər və təhsil proqramları
iki ölkə arasında mədəni və humanitar gündəliyin möhkəmlənməsində xüsusi rol oynayır.
2023-cü və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə
Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edib, həmin il Xivə şəhərində “Şuşa
Günləri” keçirilib. Özbəkistandan gələn geniştərkibli nümayəndə heyəti Bakıda keçirilən Birinci
Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsində iştirak edib. Biz fəxr
edirik ki, qardaş ölkəmizin ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biri olan Özbəkistan
Milli Pedaqoji Universiteti dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını
daşıyır. Keçən il əziz qardaşım Prezident Şavkat Miromonoviçlə birlikdə Bakının mərkəzində
təməlini qoyduğumuz 5 hektar sahəsi olan “Özbəkistan” parkı qardaşlığımızın daha bir rəmzinə
çevriləcək. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən təşəbbüslər və layihələr iki ölkə
arasında mədəni və humanitar əməkdaşlığın genişləndirilməsində böyük əhəmiyyətə malikdir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya
ölkələri ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin dərinləşdirilməsinə, nəqliyyat
və kommunikasiya imkanlarının artırılmasına, həmçinin enerji və humanitar sahələrdə
əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini də xatırladaraq məşvərət
görüşləri çərçivəsində aparılan diskussiyaların region ölkələri arasında qarşılıqlı etimadı daha
da gücləndirməyə, yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə və regional inkişaf naminə
mühüm təşəbbüsləri həyata keçirməyə imkan verdiyini də qeyd etdi.
Nazim Sultanov,
Sabirabad RİHB aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, ictimai-
siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçi-Uşaq hüquqlarının
müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu