Şəhərsalma və Memarlıq ili çərçivəsində irəli gələn hədəflərə uyğun olaraq Yasamal rayonunda genişmiqyaslı abadlıq-quruculuq və şəhərsalma tədbirlərinin icrası davam edir. Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq çərçivəsində rayonun müxtəlif ərazilərində infrastrukturun yenilənməsi, küçə və məhəllələrin abadlaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi, yol təsərrüfatının müasirləşdirilməsi və memarlıq görünüşünün yaxşılaşdırılması istiqamətində bir sıra layihələr icra olunur.
1xeber.media xəbər verir ki, görülən işlər çərçivəsində rayonun bir sıra küçə və prospektlərində asfalt örtüyü yenilənmiş, yol örtüyünün deformasiyaya uğramış hissələri əsaslı təmir edilmiş, piyada səkiləri bərpa olunmuş, yeni səki daşları və bordürlər quraşdırılmışdır. Bununla yanaşı, məhəllədaxili yolların abadlaşdırılması, yağış sularının axıdılması sistemlərinin yaxşılaşdırılması və hərəkətin təhlükəsizliyinin artırılması istiqamətində də zəruri tədbirlər görülür.
Rayonun yaşayış məhəllələrində abadlıq-quruculuq işləri davam edir, həyətlərdə yeni oturacaqlar, işıqlandırma dirəkləri, əlavə zibil konteynerləri quraşdırılmış, istirahət guşələri yaradılmışdır. Uşaq və idman meydançalarının yenilənməsi, mövcud infrastrukturun müasir tələblərə uyğunlaşdırılması sakinlərin asudə vaxtının daha səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
Yasamal Rayon İcra Hakimiyyəti bundan sonra da rayonun sosial-iqtisadi inkişafı, şəhərsalma mühitinin təkmilləşdirilməsi, abadlıq-quruculuq işlərinin genişləndirilməsi və sakinlərin rahat yaşayışının təmin olunması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcəkdir.









