Son illərdə daha da möhkəmlənən Azərbaycan—Özbəkistan dostluğu və qardaşlığı yeni dünya nizamında iki ölkə, iki xalq, iki dövlət arasındakı münasibətlər baxımından qeyri-adi bir modelə çevrilməkdədir. Bu model bir tərəfdən ortaq keçmişə, tarixi mirasa, milli-mənəvi yaxınlığa və dəyərlərə əsaslanır, digər tərəfdən isə müasir dünyanın çağırışları fonunda ortaq gələcəyi hədəfləyir. 2023-cü ildə Azərbaycan və Özbəkistan arasında Ali Dövlətlərarası Şuranın yaradılması da həmin hədəfə doğru daha sürətlə irəliləmək istiqamətində Bakı və Daşkəndin sarsılmaz iradəsindən xəbər verirdi. Prezident İlham Əliyevin Özbəkistana son səfəri isə iki ölkənin ortaq gələcək inşasının ən mühüm mərhələlərindən biri kimi tarixdə öz yerini alacaq. Xüsusən səfər çərçivəsində imzalanan “Əbədi dostluq müqaviləsi” həm türk dövlətləri arasında həmrəyliyin artması baxımından, həm də yeni dünya nizamında ölkələr və xalqlar arasında qarşılıqlı hörmət, ehtiram və etimadın önəmini anlamaq nöqteyi-nəzərindən misilsiz əhəmiyyət daşıyır.
Ümumilikdə, Prezidentin bu səfəri olduqca mühüm bir həqiqəti ortaya qoydu: Azərbaycan–Özbəkistan dostluğunun, qardaşlığının yaxın və uzaq perspektivləri bizim düşündüyümüzdən də dərin, strateji məna daşıyır. İki ölkə beynəlxalq aləmə açıq mesaj verir: dünyanın indiki təlatümlü, ziddiyyətlərlə dolu vaxtında gözəl gələcəyə birgə addımlamaq mümkündür. Bəşəriyyətin təhlükəsiz, firavan dolu sabahı qlobal fikir ayrılıqlarında deyil, ölkələri, xalqları bir-biri ilə doğmalaşdıran dəyərləri önə çıxararaq qoşa addımlamaq iradəsindədir. Bir sözlə, Azərbaycan–Özbəkistan dostluğu, qardaşlığı beynəlxalq miqyasda getdikcə unudulmaqda olan qarşılıqlı hörmət və etimadı bir daha bütün dünyaya xatırlatmaqdadır.
Bakı ilə Daşkənd arasında getdikcə möhkəmlənən körpünün daha bir simvolik mənası var. Özbəkistan Azərbaycanın işğaldan azad edilmiş bölgələrində quruculuq işlərinə töhfə verir. Füzuli rayonunda salınan 100 hektarlıq “Dostluq bağı”, Füzulidə Mirzə Uluqbəy adına məktəb və şəhərin bərpasına göstərilən dəstək məhz bu töhfənin əyani nümayişidir. Azərbaycan isə Özbəkistanda xüsusən müasir (ağıllı) və ekoloji şəhər – Yeni Daşkənd layihəsinin icrasında yaxından iştirak edir. Bununla da beynəlxalq aləmə daha bir mesaj verilmiş olur: Azərbaycan və Özbəkistan qardaşlığı “dinc və ağıllı dünya” quruculuğuna əsaslanır. Bəşəriyyət yalnız bu quruculuq modeli sayəsində indiki xaotik vəziyyətindən qurtula, beləcə, dünyada nəhayət ki, bütün insanların əmin-amanlıq və rifah içərisində yaşadığı bir yerə çevrilə bilər.
Unutmayaq ki, Azərbaycan və Özbəkistan xalqlarını yalnız müasir diplomatik münasibətlər deyil, əsrlər boyu davam edən tarixi, mədəni əlaqələr birləşdirir. Bu cür ortaq mədəni zənginlik üzərində qurulan münasibətlərin yeni dünya nizamında müasir dövrün çağırışlarını da nəzərə alaraq yenidən tənzimlənməsi və gücləndirilməsi bütün dünya üçün parlaq örnəkdir. Əminliklə söyləyə bilərik ki, çox sayda siyasi, hərbi, iqtisadi və mədəni problemlərin caynağında çabalayan planetimizin Azərbaycan–Özbəkistan qardaşlığından – ortaq keçmişdən ortaq gələcəyə uzanan bu əbədi dostluq modelindən çox şey öyrənməli olduğunu tezliklə beynəlxalq aləmdə hər kəs yaxşı başa düşəcək.