“Azərbaycan Respublikası ilə Özbəkistan strateji tərəfdaşlıq səviyyəsində əlaqələr qurublar. Lakin əbədi dostluq münasibətləri çox uzunmüddətli siyasi vizyonun göstəricisidir. Məsələnin mahiyyəti də bundan ibarətdir. Bütövlükdə Özbəkistan Orta Asiyanın əsas nəhəngidir, gücüdür və getdikcə bu gücü biz artıq görməkdəyik”.
Bunu tanınmış siyasi şərhçi Əziz Əlibəyli 1xeber.media-ya açıqlamasında deyib.
O bildirib ki, amma proses bizi yeni reallıqlara aparır:
“Qafqaz bütövlükdə dünyanın üçüncü logistika xəttinin yəni Şimal və Cənub dəhlizlərinin, hansı ki, onlar müharibələrə cəlb olunublar, mərkəzi yolunun, yəni Orta Dəhlizin əsas keçdiyi nöqtədir. Burada Azərbaycanın çox mühüm gücü var. Unutmaq lazım deyil ki, Şərqdən gələn dünya logistikasının keçdiyi əsas nöqtələrdən biri də Özbəkistandır. Oradan yük axını Transxəzər marşrutuna, daha sonra Azərbaycana, Azərbaycandan isə Avropaya çıxacaq. İki ölkə çox uzunmüddətli perspektiv üçün həmin əbədi dostluq müqaviləsinin imzalanmasına və bir-birinin xarici siyasət xəttini mühüm şəkildə dəstəkləməsinə üstünlük verirlər. Yəni buradan başlamaq lazımdır. Qaldı ki, digər məsələlər onlar bu əsas istiqaməti dəstəkləyici funksiyanı daşıyır”.
Aysel Muxtar