“Azərbaycan Prezidenti İlham Əliyevin 23-24 avqust 2026-cı il tarixlərində Özbəkistana səfərini sadəcə ikitərəfli münasibətlərin növbəti mərhələsi kimi yox, Azərbaycan-Ermənistan xəttinin Mərkəzi Asiya və Cənubi Qafqaz arasında yeni geosiyasi və geoiqtisadi oxun formalaşmasına çevrilməsi baxımından qiymətləndirmək daha doğru olardı. Səfərin nəticələri göstərir ki, Bakı və Daşkənd artıq münasibətləri yalnız “qardaşlıq və strateji tərəfdaşlıq” ritorikası üzərində deyil, nəqliyyat, investisiya, enerji, bank sistemi, sənaye və regional bağlantıların konkret mexanizmləri üzərində qurmağa çalışırlar”.
Bunu politoloq Çingiz Şahbazi 1xeber.media-ya açıqlamasında deyib.
O qeyd edib ki, 23 avqust 2026-cı il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Əbədi Dostluq haqqında Müqavilə” imzalandı:
“Bu, 2024-cü ildə imzalanmış “Müttəfiqlik Münasibətləri haqqında Müqavilə”dən sonra münasibətlərin inkişafı baxımından ən böyük sənəddir. Bütün bu səfərlər və imzalanmış sənədlər Bakı-Daşkənd münasibətlərinin qarşılıqlı təhlükəsizlik və strateji etimad elementləri olan uzunmüddətli dostluq və əməkdaşlıq modelinə çevrilməsinə imkan yaradır. Həmçinin səfərin ən böyük geosiyasi əhəmiyyəti Bakı ilə Daşkəndin Orta Dəhlizin inkişafındakı rolu və münasibətləridir. Azərbaycan Prezidenti cənab İlham Əliyev səfər ərəfəsində açıq şəkildə ifadə edərək dedi ki: “Azərbaycanın Cənubi Qafqazdakı, Özbəkistanın isə Mərkəzi Asiyadakı coğrafi mövqeyi onları Şərqlə Qərbi birləşdirən marşrutlarda təbii tərəfdaşlar edir”. Əlbəttə ki, bu, çox böyük layihədir və böyük potensiala malikdir. Çünki Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu ilə Orta Dəhliz arasında real inteqrasiya baş tutarsa, Mərkəzi Asiyanın dənizə çıxışı olmayan ölkələri üçün Xəzər dənizi üzərindən Avropa bazarlarına daha əlverişli alternativ yol yaranacaq”.
Politoloq bildirib ki, Özbəkistan Mərkəzi Asiyanın mərkəzi hesab olunur və Asiya ölkələri arasında ən böyük iqtisadiyyatlardan birinə sahibdir:
“Bundan başqa, Mərkəzi Asiyanın digər ölkələrinə çıxışı var. Azərbaycan isə Xəzər dənizinə çıxışı var və Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Bu baxımdan, Azərbaycan Avropaya çıxış qapısı, Özbəkistan isə Mərkəzi Asiyanın istehsal və logistika mərkəzlərindən biri kimi güclərini birləşdirə bilərlər. Səfər zamanı həmçinin birgə donanmanın yaradılması üzrə işlərin sürətləndirilməsi də Prezident Mirziyoyev tərəfindən gündəmə gətirilib. Bu məsələ kommersiya baxımından çox əhəmiyyətlidir.
Çünki Orta Dəhlizin zəif nöqtələrindən biri də məhz Xəzərin keçid hissəsidir və dəmir yolu xətti ilə gətirilən yüklərin Xəzərdə bərə və digər gəmilərlə daşınması əlavə logistika mərhələsi yaradır. Bu baxımdan, səfər zamanı səslənən Azərbaycan-Özbəkistan arasında Xəzər üzərindən ayrıca dəhliz və vahid operator ideyasını da təqdirəlayiq hal kimi qiymətləndirmək lazımdır. Bütün bunlar deməyə əsas verir ki, səfərin mənası və məqsədi Azərbaycan və Özbəkistan arasında münasibətlərin daha da yaxşılaşdırılmasına yönəlib. Bakı və Daşkənd öz ikitərəfli münasibətlərini yeni Avrasiya bağlantı sisteminin strateji dayaqlarından birinə çevirməyə çalışır və hesab edirəm ki, bunu layiqincə haqq edirlər”.
Aysel Timur