Вернуться назад Распечатать

Sənədsiz və özbaşına tikilən evlərə necə sənəd almaq olar? - Qaydalar

Azərbaycanda daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı qanunvericilikdə bir sıra şərtlər nəzərdə tutulub. Xüsusilə uzun müddət daşınmaz əmlaka sahiblik edən və ya özbaşına tikinti aparan şəxslərin hansı hallarda həmin əmlaka hüquq əldə edə bilməsi qanunda konkret şəkildə göstərilir.

1xeber.media  xəbər verir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyən edilmiş əsaslarla həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edilir.

Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ da onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan yaranır. 

Qanunda torpağın təbii proseslər nəticəsində dəyişməsi ilə bağlı da müddəa var. Daşqın, torpağın səpələnməsi və ya yerdəyişməsi, çayın yatağının və ya səviyyəsinin dəyişməsi və ya digər səbəblər nəticəsində yeni ərazi yaranarsa, həmin ərazi bitişik torpaq sahəsinə birləşdirilir.

Torpağın bir torpaq sahəsindən digərinə yerdəyişməsi isə sahələrin hüdudlarının dəyişməsinə səbəb olmur.

Məcəlləyə əsasən, daşınmaz əmlakın dövlət reyestrində əsassız olaraq qeydiyyata alınmış hissəsinə şəxs 10 il ərzində faktiki və etirazsız sahiblik edibsə, müəyyən hallarda həmin torpaq sahəsinin öz adına keçirilməsini tələb edə bilər.

Bundan başqa, şəxs dövlət reyestrində qeydiyyata alına bilməyən daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik edibsə, həmin əmlakın mülkiyyət hüququnun öz adına tanınmasını tələb edə bilər.

Bu hüquq həmçinin daşınmaz əmlakın əvvəlki sahibinə də aid ola bilər. Qanunda nəzərdə tutulan hallarda qeydiyyatın həyata keçirilməsi məhkəmə nəzarəti ilə mümkündür.

Mülki Məcəllənin 180-ci maddəsində isə özbaşına tikinti ilə bağlı qaydalar müəyyən edilib.

Tikinti üçün ayrılmayan torpaqda və ya bunun üçün lazımi icazələr alınmadan, yaxud şəhərsalma və tikinti norma və qaydaları ciddi şəkildə pozularaq tikilən yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti hesab olunur.

Özbaşına tikinti aparan şəxs həmin tikintiyə mülkiyyət hüququ əldə etmir. Belə şəxs tikilini satmaq, bağışlamaq, icarəyə vermək və ya onunla bağlı digər əqdlər bağlamaq hüququna malik deyil.

Lakin qanunda bununla bağlı istisna da nəzərdə tutulub. Özbaşına tikintiyə mülkiyyət hüququ tikintinin aparıldığı torpaq sahəsi həmin şəxsin mülkiyyətində olduğu halda tanına bilər.

Bunun üçün tikilinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmamalı, həmçinin insanların həyatı və sağlamlığı üçün təhlükə yaratmamalıdır. Bu şərtlərdən hər hansı biri pozularsa, özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. /Qaynar.info/