Rusiyada “TulaDron” mərkəzinin rəhbəri Yevgeni Qriqoryevin saxlanılmasının “Kompozit Vadisi” adlı böyük layihənin büdcə vəsaitləri ilə bağlı şübhəli maliyyə əməliyyatları ilə əlaqəli olduğu bildirilir.
1xeber.media xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, şübhəlinin rəhbərliyi altında üç təşkilat fəaliyyət göstərib və həmin qurumlar vasitəsilə böyük məbləğdə vəsaitlər dövr edib. Sonuncu iş yeri olan pilotsuz uçuş aparatlarının istehsalı mərkəzinə 1 milyard rubldan çox vəsait ayrılıb. Neçə dron istehsal edildiyi isə açıqlanmayıb.
Qriqoryevin çalışdığı digər qurum “Tulatex” elmi mərkəzi olub. Bu mərkəzə 1,3 milyard rubl vəsait ayrıldığı bildirilir.
“Kompozit Vadisi” isə Tula şəhərində yerləşən iri elmi-texniki mərkəzdir. Layihənin əsas məqsədi yeni kompozit materialların hazırlanması və istehsalıdır. Layihənin planlaşdırılan büdcəsi 4,2 milyard rubl təşkil edir.
Qeyd edək ki, “TulaDron” rəhbərinin saxlanılması barədə avqustun 25-də məlumat yayılıb.