Ukraynanın müttəfiqləri Kiyev üçün “Patriot” hava hücumundan müdafiə sistemləri ala bilmir. Buna səbəb sistemlərin hazırda mövcud olmaması və istehsalın əsasən ABŞ ehtiyatlarının bərpasına yönəldilməsidir.
1xeber.media xəbər verir ki, bunu Avropa Parlamentində Ukrayna-Avropa İttifaqı Parlament Əməkdaşlığı Komitəsinin rəhbəri Pekka Tovəri bildirib.
Onun sözlərinə görə, əsas problem maliyyə və ya material çatışmazlığı deyil. “Patriot” sistemlərinin istehsalı hazırda ABŞ Silahlı Qüvvələrinin tükənmiş ehtiyatlarının doldurulmasına yönəlib.
Tovəri qeyd edib ki, Avropa İttifaqında bu məqsədlə vəsaitlərin xərclənməsinə çevik yanaşma tətbiq olunur və lazım olan materiallar digər mənbələrdən də əldə edilə bilər.
Daha əvvəl Ukraynada ballistik raketlərin qarşısının alınması üçün kifayət qədər raket-interseptor olmadığı bildirilmişdi. Çatışmazlığın yalnız “Patriot” sistemləri ilə deyil, digər yerüstü platformalar və aviasiya üçün nəzərdə tutulan raketlərlə də bağlı olduğu qeyd olunub.