Kanada hökuməti ABŞ-dan idxal olunan bir sıra məhsullara yeni gömrük rüsumları tətbiq edib və ticarət müharibəsindən zərər çəkən yerli şirkətlərə dəstək verəcəyini açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, ABŞ-dan gətirilən polad, alüminium, mebel, geyim, oyun konsolları, smartfonlar və digər elektron məhsullara 50 faizlik rüsum tətbiq olunacaq. Ümumilikdə yeni tariflər təxminən 20 milyard dollar dəyərində idxalı əhatə edəcək.
Yeni qaydalar sentyabrın 8-dən qüvvəyə minəcək. Bundan əlavə, ABŞ istehsalı məişət texnikası, pendir, balıq və dəniz məhsullarına 25 faizlik rüsum tətbiq ediləcək.
“Bloomberg” qeyd edir ki, bu qərar Kanada Baş naziri Mark Karni ilə ABŞ Prezidenti Donald Tramp arasındakı münasibətlərdə ciddi dönüş yaradır.
Tərəflər arasında ticarət danışıqlarının ötən həftənin sonunda uğursuzluqla nəticələnməsindən sonra Karni ABŞ rəsmilərinin Kanadanın polad, alüminium və avtomobil sənayesi kimi əsas sahələrini zəiflətməyə çalışdığını bildirib.