İran və Oman Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidi üçün müvəqqəti birgə dəniz dəhlizi yaratmaq və akvatoriyanın minalardan təmizlənməsi üzrə işlər aparmaq barədə razılığa gəlib.
1xeber.media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin avqustun 25-də yaydığı birgə bəyanatda bildirilib.
Razılaşmaya əsasən, tərəflər Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin bərpası üçün müvəqqəti birgə marşrut yaradacaq və boğazın minalardan təmizlənməsi üzrə birgə layihə həyata keçirəcək.
Bundan əlavə, Tehran və Maskat boğazdan gəmilərin keçməsi üçün daimi marşrutun yaradılması ilə bağlı texniki danışıqları davam etdirəcək.
Tərəflər gələcəkdə dəniz nəqliyyatının idarə olunması, məlumat mübadiləsi və gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi üçün göstəriləcək xidmətləri də müzakirə etməyi planlaşdırır.