Prezident İlham Əliyevin Özbəkistan səfərinin əsas iqtisadi prioriteti iki ölkə arasındakı qarşılıqlı ticarət dövriyyəsini maksimal həddə çatdırmaqdan ibarət olub.
1xeber.media xəbər verir ki,rəsmi göstəricilərə görə, 2025-ci ildə ölkələr arasında ticarət dövriyyəsi əvvəlki illərə nisbətən kəskin artaraq 795 milyon dollara çatmış, 2026-cı ilin ilk aylarında isə daha 33 faiz artım tempi nümayiş etdirmişdir. Prezidentlərin Daşkənd bəyanatında bu rəqəmin yaxın illərdə minimum 1 milyard dollara çatdırılması rəsmi hədəf olaraq müəyyən edilib.
Maşınqayırma və Avtomobil sənayesi: Özbəkistanın maşınqayırma nəhəngləri ilə Azərbaycanın sənaye zonaları arasında inteqrasiya dərinləşir, birgə ehtiyat hissələrinin istehsalı və montaj zavodlarının şəbəkəsi genişləndirilir.
Tekstil və Aqrar sektor: Pambıqçılıq, ipəkçilik və tekstil sənayesində birgə klasterlərin yaradılması nəzərdə tutulur. Azərbaycanın xammal emalı potensialı ilə Özbəkistanın bu sahədəki zəngin təcrübəsi birləşdirilir.
Bank və Enerji sektoru: Azərbaycanın aparıcı dövlət və özəl banklarının Özbəkistan maliyyə bazarına daxil olması, həmçinin SOCAR-ın bu ölkədə yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməsi və birgə neft-qaz kəşfiyyatı quyularının qazılması prosesi sürətlənir.